Cəmiyyət Özəl

Qərbin gender oyunu — "Vaxtında addım atmasaq..."

Qərbin gender oyunu — Vaxtında addım atmasaq...

Belarusda qeyri-ənənəvi münasibətlərin və gender dəyişimi kimi mövzuların təşviqinə görə inzibati cərimələrin tətbiqi ilə bağlı yeni qanun qəbul edilib. Rəsmi məlumatlara görə, belə halların ictimai və ya yetkinlik yaşına çatmayanlara yönəlmiş şəkildə təşviqi daha sərt məsuliyyət yaradır və hətta inzibati həbslə nəticələnə bilər.

Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Demokrat.az-a bildirib ki, əslində bu qərar çox önəmli qərardır:

“Dəfələrlə parlamentdəki çıxışımda da bu məsələnin üzərində xüsusi dayanmışam ki, biz ümumilikdə ailə dəyərlərinin və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunun, proqramın qəbulu barədə düşünməliyik. Qeyri-ənənəvi münasibətlər və gender dəyişimi ümumilikdə dünya dövlətlərində ənənəvi dəyərlərin və ailə institutunun sıradan çıxarılmasına hesablanmış addımdır. Nə qədər acı olsa da, təəssüf ki, Qərbin bir sıra dairələri, təşkilatları və qurumları ailə institutunu zəiflətmək üçün bu kimi metodlardan istifadə edirlər. Gender bərabərliyi adı altında müxtəlif təbliğatlar aparılır. Məsələn, Azərbaycanda bu gün ümumilikdə genderlə bağlı heç bir problem yoxdur. Gender bərabərliyi dövlət səviyyəsində ən yüksək səviyyədə təmin olunub və ölkəmizdə bu istiqamətdə ciddi problem mövcud deyil”.

O deyib ki, bu baxımdan, cəmiyyətimizdə bu sahədə hər hansı sistemli çatışmazlıqdan danışmaq doğru olmaz:

“Bununla belə, təəssüf ki, cəmiyyətimizdə də müxtəlif vasitələrlə bu cür təbliğatların aparıldığının şahidi oluruq. Bu təbliğatlar isə zərərli xarakter daşıyır və ciddi problemlər yarada bilər. Ona görə də bu məsələlərə həssas və diqqətli yanaşmalıyıq. Eyni zamanda bu istiqamətdə müəyyən addımların atılması barədə düşünməliyik. Bir sıra dünya ölkələri artıq bu prosesə gedirlər və bizim də bu istiqamətdə addımlar atmağımız vacibdir. Əgər biz bu addımları atmasaq, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik və Azərbaycanda ailə institutu zərər görə bilər. Buna görə də bu istiqamətdə sistemli yanaşma və tədbirlər barədə düşünmək lazımdır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova