Şou-biznes Özəl

"Çocuklar Duymasın"ın aktyoru vəfat etdi

Çocuklar Duymasının aktyoru vəfat etdi

Türkiyəli tanınmış aktyor və opera ifaçısı Ferdi Atuner ürək tutması səbəbindən 82 yaşında həyatını itirib.

Demokrat.az xəbər verir ki, Türkiyənin teatr, opera və kino aktyoru Ferdi Atuner 82 yaşında vəfat edib. Ailəsinin verdiyi məlumata görə, bir müddətdir səhhətində problemlər yaranan sənətkar infarkt nəticəsində dünyasını dəyişib. Uzun müddət müxtəlif xəstəliklərlə mübarizə aparan Atunerin ölümü sənət dünyasını yasa boğub.

Sənət fəaliyyəti ərzində çoxsaylı yadda qalan layihələrdə iştirak edən Atuner daha çox "Olacak O Kadar" proqramındakı rolları ilə məşhurlaşmışdı. Levent Kırca ilə birlikdə canlandırdığı maraqlı personajlar onu milyonların sevimlisinə çevirmişdi. İstanbul Dövlət Opera və Balet Teatrının sənətçisi olan usta aktyor aktyorluq karyerası ilə yanaşı, həm də bənzərsiz səs imkanları ilə tanınırdı.

O, "Çocuklar Duymasın", "Reyting Hamdi", "En Son Babalar Duyar", "Ayrılsak da Beraberiz" və "Çılgın Bediş" kimi populyar seriallarda müxtəlif xarakterli obrazlar yaratmışdı. Ferdi Atuner həm də peşəkar səsləndirmə sənətçisi kimi yaddaşlarda dərin iz qoyub.

Demokrat.az

NE
Nihadə Eyyubova