Bakıda 286 nömrəli məktəbdə baş verən hadisə uşaq psixologiyası istiqamətində müzakirələri yenidən aktuallaşdırıb. Bu cür hallar yeniyetmələrin emosional vəziyyəti, davranış modelləri və sosial mühitlə qarşılıqlı təsiri baxımından xüsusi diqqət tələb edir. Hadisə həm ailə, həm də təhsil müəssisələrinin uşaqlarla daha sistemli psixoloji iş aparmasının vacibliyini ortaya qoyur.
Məsələ ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, yeniyetməlik dövrü insan inkişafının ən həssas mərhələlərindən biridir və bu mərhələdə uşaqların emosional reaksiyaları daha intensiv, davranışları isə bəzən kəskin və nəzarətsiz görünə bilər:
"Bu “dəli-dolu” kimi xarakterizə edilən hallar əslində bioloji, psixoloji və sosial faktorların birgə təsiri ilə formalaşır. Beynin xüsusilə qərarvermə və impulsların idarəsi ilə bağlı olan ön hissələri hələ tam formalaşmadığı üçün yeniyetmələr riskləri düzgün qiymətləndirməkdə çətinlik çəkə bilir, emosiyalar isə daha tez yüksəlir və davranışa çevrilir. Belə bir dövrdə əsas məsələ bu enerjini və emosional gərginliyi sıxışdırmaq deyil, düzgün istiqamətləndirməkdir. Yeniyetməni yalnız nəzarətdə saxlamaq və ya cəzalandırmaq yanaşması uzunmüddətli effekt vermir. Əksinə, bu, daxili müqaviməti artırır və aqressiv davranışları gücləndirə bilər. Valideynlər və müəllimlər üçün burada əsas yanaşma anlayış və struktur balansını qorumaqdır".
Psixoloq deyib ki, yeniyetmə hiss etməlidir ki, onu dinləyən, qəbul edən və eyni zamanda sərhədləri aydın şəkildə göstərən bir mühitdədir:
"Məktəb hadisələri fonunda bu məsələ daha da aktuallaşır. Çünki məktəb yalnız akademik biliklərin verildiyi yer deyil, eyni zamanda sosial davranışların formalaşdığı əsas mühitdir. Əgər məktəbdə psixoloji təhlükəsizlik mühiti zəifdirsə, bullinq, təzyiq və ya sosial təcrid halları varsa, yeniyetmənin “dəli-dolu” davranışı daha çox riskli istiqamətə yönələ bilər. Bu səbəbdən məktəblərdə psixoloqların aktiv fəaliyyəti, müntəzəm psixoloji monitorinqlər və sosial-emosional bacarıqların inkişafına yönəlmiş proqramlar kritik əhəmiyyət daşıyır. Yeniyetmələrə emosiyalarını tanımaq və idarə etmək öyrədilməlidir. Onlar qəzəbin, qorxunun və ya narahatlığın normal hisslər olduğunu anlamalı, lakin bu hisslərin necə ifadə olunmasının məsuliyyətini daşıdıqlarını da dərk etməlidirlər".
O bildirib ki, konfliktləri zorakılıq olmadan həll etmək, kömək istəmək və özünü ifadə etmək bacarıqları bu mərhələdə formalaşdırılmalıdır:
"Bu bacarıqlar təkcə məktəb mühitində deyil, gələcək həyatlarında da onların davranış modelini müəyyənləşdirir. Müasir dövrdə rəqəmsal faktorları da nəzərə almaq vacibdir. İnternet üzərindən yayılan zorakılıq səhnələri, bəzi oyunlar və aqressiyanı təşviq edən məzmunlar yeniyetmələrin davranışına təsir göstərə bilir. Xüsusilə identifikasiya prosesi güclü olduğu üçün yeniyetmə gördüyünü model kimi qəbul edir və bu davranışı real həyatda həyata keçirə bilir. Bu səbəbdən valideyn nəzarəti yalnız fiziki mühitlə məhdudlaşmamalı, rəqəmsal mühit də diqqətdə saxlanılmalıdır. Burada ən vacib məqam yeniyetməni problem kimi deyil, inkişaf prosesində olan bir fərd kimi görməkdir. Onun enerjisi, emosiyası və axtarışları düzgün yönləndirildikdə bu mərhələ güclü şəxsiyyətin formalaşmasının əsasını qoya bilər. Əks halda isə nəzarətsiz və anlaşılmamış qalan bu proses riskli davranışlara yol aça bilər. Ona görə də ailə, məktəb və cəmiyyət arasında koordinasiyalı yanaşma formalaşdırılmalı, hər üç tərəf eyni məqsədə xidmət etməlidir. Yeniyetmənin sağlam inkişafı təsadüfi deyil, düzgün qurulmuş psixoloji mühitin nəticəsidir", - deyə psixoloq qeyd edib.
Əfsanə Kamal Demokrat.az


