Azərbaycanın iqtisadi mənzərəsi son illərdə əsaslı şəkildə dəyişir və ölkə qlobal maliyyə axınları üçün mühüm mərkəzə çevrilir. Həyata keçirilən strateji islahatlar nəticəsində neft faktorundan asılılığın azaldılması və biznes mühitinin liberallaşdırılması xarici kapital üçün yeni qapılar açır.
Bu barədə deputat Vüqar Bayramov Demokrat.az-a bildirib ki, Azərbaycan regionda çox investisiya cəlb edən ölkələrdən biridir:
"Nəzərə alsaq ki, cəlb edilən investisiyaların böyük bir hissəsi məhz qeyri-neft sektoruna son illər yönəlməkdədir. Bu da qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Bu, eyni zamanda böyük şirkətlərin Azərbaycan iqtisadiyyatına olan marağını göstərir. Yalnız iri neft şirkətləri deyil, həm də qeyri-neft sektorunda məşhur olan dünyaca məşhur şirkətlər Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirirlər. Və Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Bu kontekstdə təbii ki, bu, eyni zamanda xarici investisiya hesabına Azərbaycan iqtisadiyyatının inkişafını stimullaşdırır. Cənab Prezident tərəfindən “yeni dövrün yeni hədəfləri” siyasətində məhz xarici investisiyanın cəlb edilməsi əsas istiqamətlərdən biri kimi qeyd olunub. Və buna uyğun olaraq da biz növbəti illərdə Azərbaycan iqtisadiyyatına, xüsusən də Amerika Birləşmiş Ştatları daxil olmaqla, iri ölkələrdən daha çox investisiyanın cəlb edilməsini müşahidə edəcəyik",- deyə deputat bildirib.
Vüqar Bayramov qeyd edib ki, investisiya axınının sürətlənməsi dövlət başçısının müəyyən etdiyi "yeni dövrün yeni hədəfləri" siyasətinin tərkib hissəsidir. Sərmayə qoyuluşlarının coğrafiyasının genişlənməsi ölkə iqtisadiyyatının rəqabətədavamlılığını artırmaqla yanaşı, dayanıqlı inkişafı da stimullaşdırır.
Yəni, Azərbaycan artıq təkcə neftlə deyil, digər sahələrlə də xarici investorların diqqətini çəkir və bu, ölkəyə daha çox xarici maliyyə vəsaitinin daxil olmasına şərait yaradır.
Əfsanə Kamal Demokrat.az


