Cəmiyyət Özəl

Tək anaların böyütdüyü uşaqlar zəif olur? — AÇIQLAMA

Tək anaların böyütdüyü uşaqlar zəif olur? — AÇIQLAMA

Rusiya Dövlət Dumasının Ailə, atalıq, analıq və uşaqlarla bağlı məsələlər komitəsinin sədri Nina Ostanina ölkədə solo-analığın yayılmasını mənfi tendensiya kimi qiymətləndirib və qanunvericilərin bu məsələ ilə məşğul olacağını bildirib. O, bu cür qadınların zəif kişilər böyütdüyünü iddia edib. Komitə sədrinin fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəs məsələ psixologiyada necə şərh edilir?

Mövzu ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, valideynləri güclü olan insanlar daha zəif xarakterli, valideynləri zəif olan insanlar isə daha güclü xarakterli olurlar:

"Ona görə də, əksinə, hər zaman hər iki valideynlə böyüyən bir uşağın güclü xarakterdə olacağı demək deyil. Və yaxud da tək bir valideynlə böyüyən uşaq zəif xarakterli olacaq demək deyil. Ümumiyyətlə, natamam və tamam ailə anlayışları var, amma əslində bu çox yanlışdır. Bəzi ailələr zahirən tamam olsa da, əslində çox natamam olur, bəzi ailələr isə natamam olsa da, yəni iki nəfərdən ibarət olsa belə, çox tam ola bilər. Yəni bir ailə iki nəfərlik də ola bilər və bu heç də hər zaman qarşı tərəfin zəif böyüyəcəyi ilə əlaqədar deyil.

Bir insanı güclü edən faktorlardan biri tərbiyə, özünü tərbiyə və yenidən tərbiyədir. Daha sonra insanın öz üzərində apardığı bu proseslər onun xarakterinə çox ciddi təsir göstərə bilər. Amma ümumilikdə insanlar temperamentlə dünyaya gəlirlər. Xarakter nə qədər dəyişsə də, temperamentimizi dəyişə bilmirik. Buna görə də valideynlər bizi yalnız müəyyən dərəcədə yönləndirə bilərlər. Amma bir vaxtdan sonra temperamentimiz öz sözünü deyir".

Psixoloq deyib ki, əksinə, tək övladını böyüdən insanlar, düzgün şəkildə böyüdən və psixologiyasını sağlam saxlayan valideynlər olduqda, bu uşaqlar daha güclü ola bilirlər:

"Çünki həyatlarında qızların ilk məhəbbəti ataları, oğlanların ilk məhəbbəti anaları olur. Təsəvvür edin ki, ilk məhəbbətini, həyatda əvəzolunmaz qəhrəmanını itirən bir insan üçün sonradan kimisə itirmək, nə qədər itirmə qorxusu olsa da, o qədər də təsirli faktor olmur. Ona görə də bu məsələ birmənalı deyil. Təbii ki, valideynlər bizim qanadlarımızdır, kaş hər uşağın hər iki qanadı olsun. Amma dediyim kimi, iki valideyn də uşağı elə bir mühitdə böyüdə bilər ki, o, zəif xarakterli olsun, sosial asılılığa çevrilsin, heç bir işini özü görməsin və daim ailəsinə arxalansın. Və yaxud da əksinə, valideynlər uşağı elə böyüdə bilər ki, o, hər problemi özü həll etməyi bacarsın. Həmçinin uşaq tək böyüyə və erkən yaşda aldığı məsuliyyətlə güclü ola bilər. Eyni zamanda tək böyüyən uşaq, həddindən artıq qorunaraq böyüdülərsə, zəif də ola bilər. Burada əsas məsələ valideynlərin sayından çox, onların xarakteri və uşağı böyütmə üsuludur", - deyə o qeyd edib.

Psixoloqun fikrincə, uşağın formalaşmasında temperament anadangəlmə faktor olsa da, tərbiyə və özünü tərbiyə prosesləri həlledicidir. Bir sözlə, uşağın gələcəkdə güclü bir fərd kimi yetişməsi ailədəki insanların sayından çox, mühitin keyfiyyətindən və valideynin uşağa aşıladığı müstəqillik bacarığından asılıdır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova