Amerikalı milyarder İlon Mask ABŞ-də artan işsizlik probleminin həlli üçün federal hökumətin əhaliyə birbaşa pul paylamasını təklif edib. "X" platformasında fikirlərini bölüşən iş adamı süni intellektin əmək bazarındakı mənfi təsirlərinə diqqət çəkib.
Onun fikrincə, texnologiyaların sürətli inkişafı insanları iş yerlərindən uzaqlaşdırır və bu proses yaxın gələcəkdə sosial gərginliyi artıra bilər. Hökumətin vətəndaşlara mütəmadi vəsait ayırmasını yeganə çıxış yolu hesab edən milyarder bunun iqtisadiyyata zərər verməyəcəyini iddia edir. O, robot texnikasının yaratdığı məhsuldarlığın artan pul kütləsini kompensasiya edəcəyini vurğulayıb.
“Süni intellekt və robototexnika pul kütləsinin artımını xeyli üstələyən həcmdə mal və xidmət istehsal edəcək, buna görə də inflyasiya baş verməyəcək”
Tanınmış sahibkar hesab edir ki, bu yanaşma cəmiyyətdə yüksək gəlir səviyyəsini qorumağa və sosial rifahı təmin etməyə imkan verəcək.
Demokrat.az


