İntensiv yağışlardan sonra Bakının bir sıra küçə və prospektlərində çoxsaylı problemlər yaranıb. Xeyli küçədə asfalt örtüyü zədələnib və böyük çuxurlar yaranıb.
Mövcud vəziyyətlə əlaqədar AAYDA-ya sorğu ünvanladıq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki,yaz aylarında müşahidə olunan intensiv yağıntılar bu prosesi daha da sürətləndirir.
"Asfalt örtüyünün üst qatı “aşınma qatı” adlanır. Adından da göründüyü kimi, bu qat intensiv nəqliyyat hərəkəti, ətraf mühit və müxtəlif hava şəraitinin təsiri altında zamanla aşınmaya məruz qalır. Xüsusilə yaz aylarında müşahidə olunan intensiv yağıntılar bu prosesi daha da sürətləndirir. Bu səbəbdən asfalt örtüyünün aşınma qatında müəyyən deformasiyaların yaranması təbii və gözlənilən haldır.

Bundan əlavə, kommunikasiya xətləri yolun altından keçdiyi üçün həmin xətlərdə baş verən kiçik qəzalar da örtüyə birbaşa təsir göstərir. Belə hallarda əvvəlcə aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır, torpaq qatı bərpa edilir. Ardınca isə Agentlik tərəfindən asfalt örtüyü yenilənir.
Qış mövsümündən sonra Agentlik tərəfindən balansda olan küçə və yollarda cari və orta təmir işləri həyata keçirilir. Bu işlər çərçivəsində asfalt örtüyündə yaranmış deformasiyalar aradan qaldırılır və yol infrastrukturunun keyfiyyəti bərpa olunur.
Təkcə ötən ay paytaxt ərazisində təmir işləri üzrə rekord göstərici qeydə alınıb. Ümumilikdə 90 min kvadratmetr sahədə bərpa işləri aparılıb. Cari ay ərzində də hava şəraitindən asılı olaraq təmir prosesi davam etdirilir.
Qurumdan bildirilib ki, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təmir işləri əsasən gecə saatlarında və ya istirahət günlərində həyata keçirilir.
Leyla Turan Demokrat.az


