Azərbaycan Mərkəzi Bankı dizaynı və mühafizə sistemləri təkmilləşdirilmiş 100 manatlıq pul nişanlarını 15 iyul 2026-cı il tarixdən dövriyyəyə çıxarır. Yeni banknotlar müasir standartlara cavab verən ən son texnoloji elementlərlə təchiz edilib.
Yenilənmiş pul nişanında rəngi dəyişən üçölçülü mikrogüzgü effektli holoqram və dinamik işıq effekti saçan "Spark Flow Prime" texnologiyalı manat simvolu tətbiq olunub. Əskinasın ön tərəfində Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi su nişanı formasında əksini tapıb. Görmə qüsuru olan şəxslərin pulun həqiqiliyini və dəyərini rahat müəyyən etməsi üçün kənarlarda xüsusi qabarıq xətlər yerləşdirilib. Müasir trendlərə uyğun olaraq pulun arxa tərəfi şaquli dizaynda hazırlanıb. Banknotun üzərində Mərkəzi Bankın sədri Taleh Tahir oğlu Kazımovun imzası sol yuxarı küncdə yer alır.
Yenilənmiş 100 manatlıq pul nişanında tətbiq edilən mühafizə elementləri saxtalaşdırmanın qarşısını almaq və istifadə rahatlığını təmin etmək məqsədi daşıyır. Artıq ölkədəki nağd pul sistemlərinin və terminalların yeni əskinaslara uyğunlaşdırılması prosesinə başlanılıb. Yeni banknotlar hazırda tədavüldə olan 100 manatlıqlarla paralel şəkildə dövriyyədə olacaq və ödənişlərdə heç bir məhdudiyyət qoyulmadan istifadə ediləcək.
Yəni, iyulun 15-dən etibarən daha güclü mühafizə sisteminə malik yeni 100 manatlıqlar istifadəyə veriləcək və köhnə 100 manatlıqlar da öz dəyərini saxlayacaq.
Demokrat.az


