Daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması vətəndaşları daha sərfəli variantlar axtarmağa sövq edir. Bu vəziyyətdən istifadə edən bəzi işbazlar tərəfindən tikilən və xalq arasında "makler evi" kimi tanınan fərdi yaşayış evləri ucuz qiyməti ilə cəlbedici görünsə də, arxasında ciddi hüquqi və texniki problemlər gizlədir. Xüsusilə az təminatlı ailələrin üz tutduğu bu mənzillərin böyük əksəriyyəti qanunsuz şəkildə inşa olunur.
Bu tip tikililərin əsas problemi onların təyinatına uyğun olmayan torpaqlarda, bəzən isə birbaşa magistral kommunikasiya xətlərinin üzərində qurulmasıdır. Heç bir memarlıq layihəsi və dövlət nəzarəti olmadan ucaldılan bu evlər tikinti normalarına cavab vermir. Bu isə həm binanın istismar müddətini qısaldır, həm də gələcəkdə hər hansı təbii fəlakət və ya qəza zamanı sakinlərin həyatını təhlükəyə atır.

Hüquqi tərəfdən isə vəziyyət daha mürəkkəbdir. Sənədsiz və ya qeyri-qanuni torpaq sahəsində tikilən evlərin leqallaşdırılması demək olar ki, qeyri-mümkündür. Alıcılar bu mülkləri alarkən gələcəkdə heç bir kompensasiya və ya dövlət təminatı ala bilməyəcəkləri riski ilə üz-üzə qalırlar. Şəhərsalma planı çərçivəsində söküntü işləri aparılarsa, həmin ev sahiblərinin hüquqi müstəvidə özlərini müdafiə etmək imkanları olduqca məhduddur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, "makler evlərinin" əksəriyyəti qanunsuz şəkildə inşa olunur.
"Daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması ölkədə belə evlərin sayının sürətlə artmasına səbəb olur. Bu prosesdə maraqlı şəxslər, yəni işbazlar, qanunsuz tikilmiş əmlakı bazara çıxararaq böyük gəlir əldə edirlər. Az təminatlı şəxslər isə əmlak qiymətlərinin yüksəlməsi fonunda məcbur olaraq bu cür evləri almağa yönəlirlər. Lakin bu evlərin gələcəkdə leqallaşdırılması və sənədləşdirilməsi ciddi problemlər yarada bilər. Çünki bir çox hallarda belə evlər təyinatına uyğun olmayan torpaqlarda tikilir, bəziləri isə birbaşa kommunikasiya xətlərinin üzərində yerləşir. Layihəyə uyğun şəkildə inşa edilmədikləri üçün bu evlər həm daha tez sıradan çıxa bilər, həm də gələcəkdə sahiblərinə hüquqi və maliyyə baxımından əlavə risklər gətirir. Eyni zamanda, bu vəziyyət alıcıların hüquqlarının qorunması və evlərin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur".
Əfsanə Kamal Demokrat.az


