Bakının Sabunçu rayonunda 44 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 19-da rayonun Ramana qəsəbəsi, Südçülük sovxozunda baş verib.
Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Əfqan həmin gün saat 16 radələrində yaşadıqları Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evlərinin qonaq otağında keçmiş həyat yoldaşı Səlimənin (adlar şərtidir – red.) onu təhqir etməsi səbəbindən ailə-məişət zəminində aralarında mübahisə yaranıb.
Yaranmış mübahisə zamanı o, təpiklə Səlimənin ayaq, əli ilə baş və qol nahiyələrindən bir neçə dəfə vurub. Sonra qadının boğazından tutaraq sıxıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə barışıb, məhkəmədən barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.
Zərərçəkmiş şəxs isə bildirib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb, onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


