Türkiyədə ticarət mərkəzlərinə girişin ödənişli olması ilə bağlı səslənən təkliflər regionda da müzakirə mövzusuna çevrilib. Bu fonda belə bir sistemin Azərbaycanda tətbiqinin mümkünlüyü və onun iqtisadi nəticələri diqqət mərkəzindədir. Girişin ödənişli olması istehlakçı axınına təsir göstərə, xüsusilə daimi alış-verişin azalmasına səbəb ola bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, AVM-lərin girişlərinin ödənişli edilməsi ilə bağlı Türkiyədə hər hansı rəsmi qərar qəbul edilməyib, bu məsələ yalnız müzakirə səviyyəsində gündəmə gəlib.
"Bunun əsas səbəbi isə təhlükəsizlik məsələləridir. Məlum olduğu kimi, Türkiyədə müəyyən dövrlərdə terror təhlükəsi ilə bağlı risklər mövcud olur və bu baxımdan insanların axınının tənzimlənməsi mövzusu ortaya çıxır. Azərbaycanda isə bu istiqamətdə ciddi problem müşahidə olunmur. Ümumilikdə isə nə Azərbaycan, nə də Türkiyə iqtisadi modeli üçün AVM-lərə girişin ödənişli olması məntiqli qərar sayılmır".
Ekspert bildirib ki, qısa müddətdə müəyyən gəlir əldə etmək mümkün olsa da, uzunmüddətli perspektivdə bu addım AVM daxilində fəaliyyət göstərən mağazalara, restoranlara və digər obyektlərə mənfi təsir göstərə bilər.
"Məsələn, bir şəxs kinoya getmək istəyir. Film bileti üçün artıq müəyyən məbləğ ödəyir, əlavə olaraq parkinq və giriş haqqı da tətbiq olunarsa, bu, ümumi xərci xeyli artırır. Belə olan halda, insanlar AVM-ə getmək qərarını daha çox düşünəcək və bəzi hallarda ümumiyyətlə bundan imtina edəcək. Digər tərəfdən, AVM-lər yalnız alış-veriş məkanı deyil, həm də insanların vaxt keçirdiyi, görüşdüyü sosial mühitdir. Xüsusilə tələbələr və gənclər tez-tez bu məkanlara gedir, bəzən əvvəlcədən alış niyyəti olmasa da, sonradan spontan alışlar edir və ya digər xidmətlərdən istifadə edirlər. Girişin ödənişli olması bu axını azalda və nəticədə ümumi dövriyyəyə mənfi təsir göstərə bilər".
Onun sözlərinə görə, bu baxımdan, belə bir qərar həm Türkiyə, həm də Azərbaycan üçün məqsədəuyğun hesab edilmir.
"Əgər müəyyən tənzimləmə ehtiyacı yaranarsa, dünya praktikasında olduğu kimi, AVM daxilində xüsusi və ya VIP zonaların yaradılması daha uyğun alternativ ola bilər. Əks halda, ümumi girişin ödənişli edilməsi orada fəaliyyət göstərən obyektlər üçün iqtisadi daralma ilə nəticələnə bilər".
Əfsanə Kamal Demokrat.az


