ABŞ İrana 48 saat vermişdi. Tramp İranı sivilizasiyasının məhvi ilə hədələyirdi. Amma, vaxtın bitməsinə 90 dəqiqə qalmış atəşkəs xəbəri gəldi. Bəs bu qərarın səbəbi nədir?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, Yaxın Şərqdə savaşın bu şəkildə yekunlaşması və ya atəşkəsin elan olunması kifayət qədər ciddi hadisədir və bunun mühüm səbəbləri mövcuddur:
"Amerika Birləşmiş Ştatları İranı dağıdıcı zərbələrlə hədələyirdi. İran isə belə zərbələrə məruz qalmaq istəmədiyi üçün ABŞ-ni bu addımları atmağa məcbur edən şəraitin formalaşmasına imkan vermədi. Tramp sivilizasiyaların məhv edilməsi ilə bağlı bəyanatları bəşəri cinayət kimi qiymətləndirilə bilərdi və dünyada ciddi mənfi reaksiyalara səbəb ola bilərdi. Bu baxımdan ABŞ zərbələr endirmək əvəzinə atəşkəs variantını daha məqbul hesab etdi. Nəticədə hər iki tərəf üçün münaqişənin davam etdirilməsi sərfəli olmadığından qarşılıqlı güzəştə gedilərək razılıq əldə olundu".
Politoloq deyib ki, hazırki vəziyyətdə nə qalib, nə də məğlub tərəf var və hər iki tərəf öz məqsədlərinə tam çatmayıb:
"Atəşkəs müddəti olan iki həftə ərzində ABŞ və İran nümayəndələri sülh masasında müzakirələr aparacaq və tələblərini irəli sürəcəklər. Əgər razılaşma əldə olunarsa, tərəflər hərbi əməliyyatlara yenidən başlamayacaq və münasibətlərdə yeni mərhələyə keçid ediləcək. Əks halda, danışıqlar zamanı ciddi ziddiyyətlər yaranarsa, hərbi əməliyyatların bərpa olunması təhlükəsi yenidən aktuallaşacaq. Yaxın iki həftə ərzində regionda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi, sülhün təmin olunub-olunmayacağı və ya hərbi əməliyyatların davam edib-etməyəcəyi aydınlaşacaq".
Əfsanə Kamal Demokrat.az


