Bakıda 37 yaşlı kişi tanışı ilə mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 25-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesindəki 17 saylı notariat kontorunun yaxınlığında yerləşən dayanacaqda baş verib.
Qax rayon sakini, 1989-cu il təvəllüdlü Emin həmin gün saat 23:20-da tanışı Samir (adlar şərtidir – red.) ilə dayanacaqda mübahisə edib. Mübahisəyə səbəb isə Samirinin bir müddət öncə onun tanış xanımını söyüb təhqir etdiyini ona irad bildirməsi səbəbindən baş verib.
Şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı o, əli ilə Samirinin sağ üz nahiyyəsindən itələyib, sol üz nahiyyəsinə bir dəfə şillə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Hakim hökm çıxaran zaman bu halları nəzərə alıb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


