Siyasət Özəl

ABŞ-İran müharibəsi bu ay bitəcək — Proqnoz

ABŞ-İran müharibəsi bu ay bitəcək — Proqnoz

İran və ABŞ arasında mümkün müharibənin uzunmüddətli xarakter alacağı ehtimalı getdikcə daha çox müzakirə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bu ssenari real görünür. Belə münaqişə yalnız region ölkələrinə deyil, qlobal təhlükəsizlik və iqtisadi sabitliyə də ciddi təsir göstərə bilər. Enerji bazarları, beynəlxalq münasibətlər sistemində yeni dəyişikliklərin baş verməsi qaçılmaz ola bilər. Bu baxımdan, mümkün müharibənin müddəti və təsir dairəsi artıq beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilir.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, ABŞ-İran müharibəsinin heç bir halda Ukrayna-Rusiya savaşına çevrilmə ehtimalı yoxdur:

"Burada hədəflər tamamilə fərqlidir. Amerikanın uzun müddət savaş aparmaq üçün nə marağı var, nə də buna Amerika cəmiyyəti, dövlət institutları imkan verməz. Konqres, Senat və Amerika ictimaiyyəti bu məsələyə kifayət qədər təsir edən vasitələrdir. Bu baxımdan savaş böyük ehtimalla bu ay yekunlaşacaq. Çünki Trampın və İsrailin açıqlamalarına baxdıqda, bu savaşın bitmə ehtimalının yüksək olduğu görünür. ABŞ bu savaşda müəyyən nəticələr əldə edib, lakin əsas hədəflərə tam nail olmasa da, əlavə olaraq milyardlarla dollar vəsait xərcləmək niyyətində deyil. Bu baxımdan bu savaş Rusiya-Ukrayna savaşı kimi uzun müddət davam etməyəcək".

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb. Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova