“Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq etmişdir".
Demokrat.az xəbər verir ki, bu sözləriAzərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı və bu təşkilatın yaradılmasının 107-ci ildönümü ilə bağlı tədbirdə çıxış edənDTX rəisi general-polkovnik Əli Nağıyev deyib.
"Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərmişdir. Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”.
Qeyd edək ki,Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı və bu təşkilatın yaradılmasının 107-ci ildönümü qeyd edilib. Bayram münasibətilə DTX rəisi general-polkovnik Əli Nağıyev və şəxsi heyət Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsini yad ediblər. Şəhidlər xiyabanı ziyarət olunub, qəhrəmanlarımızın məzarları üzərinə güllər düzülüb.
Xidmətin akt zalında keçirilən tədbirdə çıxış edən Əli Nağıyev təhlükəsizlik orqanlarının keçdiyi tarixi yoldan, Heydər Əliyevin bu qurumun inkişafındakı misilsiz xidmətlərindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara cavab verən xüsusi xidmət orqanının formalaşdığını vurğulayıb.
Xidmət rəisi regiondakı mürəkkəb geosiyasi vəziyyəti qeyd edərək, xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı kəşfiyyat-pozuculuq və terror cəhdlərinin qarşısının qətiyyətlə alındığını bildirib. Tədbirdə dövlətə xəyanət, casusluq və terrorçuluğa hazırlıq kimi ağır cinayət faktları ilə mübarizədə əldə edilən uğurlar barədə məlumat verilib.
Sonda dövlət başçısının sərəncamları ilə təltif edilən əməkdaşlara mükafatlar təqdim olunub. Tədbir "Yolun yarısında" sənədli filminin nümayişi ilə yekunlaşıb.
Demokrat.az


