Cəmiyyət Özəl

"Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik"

Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı və bu təşkilatın yaradılmasının 107-ci ildönümü qeyd edilib.

Demokrat.az xəbər verir ki, bayram münasibətilə DTX rəisi general-polkovnik Əli Nağıyev və şəxsi heyət Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsini yad ediblər. Şəhidlər xiyabanı ziyarət olunub, qəhrəmanlarımızın məzarları üzərinə güllər düzülüb.

Xidmətin akt zalında keçirilən tədbirdə çıxış edən Əli Nağıyev təhlükəsizlik orqanlarının keçdiyi tarixi yoldan, Heydər Əliyevin bu qurumun inkişafındakı misilsiz xidmətlərindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara cavab verən xüsusi xidmət orqanının formalaşdığını vurğulayıb.

“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur”.

Xidmət rəisi regiondakı mürəkkəb geosiyasi vəziyyəti qeyd edərək, xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı kəşfiyyat-pozuculuq və terror cəhdlərinin qarşısının qətiyyətlə alındığını bildirib. Tədbirdə dövlətə xəyanət, casusluq və terrorçuluğa hazırlıq kimi ağır cinayət faktları ilə mübarizədə əldə edilən uğurlar barədə məlumat verilib.

Sonda dövlət başçısının sərəncamları ilə təltif edilən əməkdaşlara mükafatlar təqdim olunub. Tədbir "Yolun yarısında" sənədli filminin nümayişi ilə yekunlaşıb.

Demokrat.az

NE
Nihadə Eyyubova