Mingəçevir şəhərində 1993-cü il təvəllüdlü Tamerlan bacısının qayınanası Lətifəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tamerlan ötən ilin mayın 31-də, günorta saatlarında yaşadıqları evə gəlib. O, bir evdə qaldığı, boşanmış bacısı Ləmanın keçmiş əri Samir ilə birgə nikahdan olan övladları Rüfətin görüş üçün atasının yaşadığı mənzilə getdiyini və anasının yanına qayıtmadığını görüb.
Daha sonra Tamerlan bacısı oğlu Rüfətin istifadəsində olan mobil nömrəyə zəng edib, anasının yanına qayıtmalı olduğunu deyib. Rüfət ilə onun danışığını eşidən keçmiş yeznə ona zəng edib.
Keçmiş yeznə Tamerlana oğlu ilə arasında olan münasibətə qarışmamağını bildirib. Buna görə onların aralarında söz mübahisəsi yaranıb. Həmin mübahisəyə aydınlıq gətirmək üçün Tamerlan həmin gün saat 15 radələrində Samirin anası Lətifə ilə birlikdə yaşadıqları Mingəçevir şəhərində olan mənzilə gedib.
Tamerlan mənzilin giriş qapısını döydükdən sonra giriş qapısının qarşısına çıxan Samirlə şəxsi münasibətlər zəminində mübahisə edib, yaxalaşdıqları zaman onları ayırmaq üçün aralarına girən Lətifənin sol kürək nahiyəsindən bir dəfə yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Tamerlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tamerlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Tamerlan ifadəsində göstərib ki, işdə adı keçən Samir onun bacısı Ləmanın əridir: “Münasibətlərimiz normal olub. Aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb. Bacım Ləman Samir ilə 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nigahdan Rüfət adlı bir övladları doğulub. Əvvəllər münasibətlərimiz normal olub. Lakin sonradan aramızda narazılıqlar yaranıb. Ona görə də 2023-cü ildə Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında onlar boşandılar. Boşandıqdan sonra bacım mən və anam ilə birlikdə yaşayıb. Boşandıqdan sonra Rüfət anası ilə qalıb. Lakin tez-tez atasının yaşadığı mənzilə gedib, axşam da geri qayıdıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 31-də, günorta saatlarında yaşadıqları evə gəlib və Rüfətin evdə olmadığını görüb: “Bacımdan Rüfətin harada olmasını soruşdum. Bacım da Rüfətin heç kəsə məlumat vermədən atasıgilə getdiyini bildirdi. Bundan sonra Rüfətin istifadəsində olan mobil telefona zəng edərək harada olduğunu soruşdum. Rüfət də atasıgildə olduğunu dedi. Mən Rüfətdən axşam vaxtında evə qayıtmağımı tələb etdi. Bir qədər sonra Rüfətin istifadəsində olan mobil telefondan mənə Samir zəng etdi və Rüfətin harada olması ilə maraqlanmağımı ona irad tutdu. O, telefonda məni nalayiq sözlərlə təhqir etdi. Samir məni əsaslı səbəb olmadan təhqir etdiyi üçün onun yaşadığı mənzilə getdim. Mənzilin giriş qapısını döydüm, qapıya Samir və anası Lətifə çıxdı. Həmin vaxt Samirlə aramızda mübahisə yarandı. Bizim mübahisə etdiyimizi və yaxalaşdığımızı görən Samirin anası Lətifə aramıza girdi. Mən Samiri vurmaq istəyərkən yumruğum onun anası Lətifənin kürəyinə dəydi və o, yerə yıxıldı. Mən də Lətifənin yerə yıxıldığını gördüm və dərhal oradan aralaşaraq getdim”.
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli Demokrat.az


