Kriminal Özəl

Kafedə ofisantı hər kəsin gözü qarşısında döydü — Səbəb

Kafedə ofisantı hər kəsin gözü qarşısında döydü — Səbəb

Ağsu rayonunda iki nəfər arasında pul borcu üstündə yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 4-də Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən kafedə baş verib.

Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Məhəmməd həmin gün təxminən saat 19 radələrində Zülfüqarın (adlar şərti verilib – red.) ofisiant olaraq işlədiyi kafeyə gəlib. O, aralarındakı borc pul məsələsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan Zülfüqarla mübahisə edib.

Məhəmməd ucadan nalayiq ifadələr işətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib.

Həmin vaxt Məhəmməd Zülfüqarın üzərinə hücum edib və əvvəlcə yaxasından yapışaraq köynəyini cırıb. Sonra yumruqla ağız nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Ağsu Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova