Yerli mətbuat və sosial şəbəkələrdə Azərbaycanda internet tariflərinin yenidən bahalaşa biləcəyi barədə müzakirələr getdikcə genişlənir. Xüsusilə son dövrdə xidmət təminatçı operatorların xərclərində artım, şəbəkə inkişafı və inflyasiya faktorları belə ehtimalları gündəmə gətirir.
Demokrat.az saytına mövzu ilə bağlı fikirlərini bölüşən İT eksperti Elvin Abbasov bildirib ki, mümkün bahalaşma birbaşa GPON texnologiyasına keçid və artan infrastruktur xərcləri ilə sıx bağlıdır. Onun sözlərinə görə, mərkəzi stansiyalarda fasiləsiz enerji təminatı üçün qurulan ehtiyat sistemləri və texniki xidmət xərcləri xidmətin maya dəyərini yüksəldən əsas amillərdir.
“Köhnə mis xətlərin tamamilə optik kabellərlə əvəzlənməsi yüksək sürət təmin etsə də, mərkəzi stansiyalarda fasiləsiz enerji üçün ehtiyat sistemlərinə edilən investisiyalar maya dəyərini artırır. Bu il kəskin qiymət sıçrayışından daha çox, aşağı sürətli paketlərin ləğv edilərək minimum həddin 100 Mbit/s-ə qaldırılması və aylıq abunə haqqının buna mütənasib tənzimlənməsi formasında tarif optimallaşdırılması daha real görünür. Digər tərəfdən, qlobal inflyasiya və xaricdən idxal edilən texniki avadanlıqların qiymət artımı yerli bazarda tarif korreksiyalarını qaçılmaz edir. "Onlayn Azərbaycan" layihəsi çərçivəsində rəqəmsal infrastrukturun iqlim dözümlülüyünü artırmaq və şəbəkənin stabilliyini qorumaq üçün çəkilən xərclər xidmət təminatçılarını qiymət siyasətinə yenidən baxmağa sövq edə bilər. Beləliklə, birbaşa bahalaşma elan edilməsə də, texnoloji yenilənmə və xidmət keyfiyyətinin yüksəldilməsi fonunda minimal xidmət haqlarının yenilənməsi cari ilin əsas meyillərindən biri ola bilər”.

İnternetin sürətinin artırılması texnoloji tərəqqi baxımından müsbət addım hesab edilsə də, bu dəyişikliyin sosial aspektləri diqqətdən qaçmır. İstifadəçilərin böyük hissəsi üçün yüksək sürət keyfiyyət deməkdir, lakin daha az sürətə ehtiyacı olan və büdcəsinə qənaət etmək istəyən abunəçilər üçün seçim imkanlarının daralması narahatlıq yaradır. Qarşıdakı dövrdə bazarda rəqabətin necə formalaşacağı və dövlət tərəfindən qiymət tənzimlənməsində hansı balansın qorunacağı həm provayderlər, həm də vətəndaşlar üçün həlledici olacaq.
Leyla Turan Demokrat.az


