Yağışlı hava şəraiti şəhər həyatının adi ritmini pozaraq nəqliyyat sisteminə də birbaşa təsir göstərir. Belə günlərdə ictimai nəqliyyatda sıxlıq artır, insanlar daha rahat və tez hərəkət etmək üçün taksilərə üz tutur. Nəticədə isə taksi xidmətlərinə tələbat kəskin yüksəlir. Bu vəziyyətdə tez-tez müşahidə olunur ki, yağış yağan kimi taksi qiymətləri də artır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, yağışlı havanın özünəməxsus problemləri var:
“Bu problemlərin ən başlıcası atmosfer çöküntülərinin iqlimə və ümumilikdə ətraf mühitə mənfi təsir göstərməsidir. Məsələn, yağışlı havada insanların təbiətlə birbaşa əlaqəsi müəyyən qədər məhdudlaşır. Eyni zamanda, kiminsə harasa getmək istəməsi əlavə çətinliklərlə müşayiət olunur. Yağışlı havanın digər mənfi tərəflərindən biri də hərəkət iştirakçıları üçün ümumi mühitin, yəni auranın pozulmasıdır. Taksi xidmətlərinə gəldikdə isə, problem təkcə yağışlı hava ilə məhdudlaşmır. Adi günlərdə, eləcə də bayram və ya qeyri-iş günlərində taksi tapmaq çətinləşir, qiymətlər artır və bəzən şirkətlər sifarişləri qəbul etməkdən imtina edir. Bu hallar ümumilikdə mənfi tendensiya kimi qiymətləndirilə bilər”.
O deyib ki, bu problemlərin aradan qaldırılması üçün sistemli yanaşma vacibdir:
“Xüsusilə məlumatların düzgün ötürülməsi, effektiv idarəetmə mexanizmlərinin qurulması və ümumi prinsiplərin təkmilləşdirilməsi məsələlərin düzgün və operativ həllinə şərait yarada bilər. Bu cür yanaşma müsbət nəticələrin əldə olunmasına kömək edər. Əks halda, problemlərlə qarşılaşmaq davam edəcək. Digər mühüm məsələ tıxaclarla bağlıdır. Atmosfer şəraiti, xüsusilə yağışlı hava tıxacların yaranmasına və daha da ağırlaşmasına təsir göstərə bilər. Adi günlərdə mövcud olan tıxaclar yağışlı havada daha kəskin və çətin vəziyyət yaradır. Bu da insanların narahatlığını artırır və ümumi pessimist əhval-ruhiyyəyə səbəb olur. Bu məsələləri düzgün təhlil etməli və onların həlli istiqamətində addımlar atmalıyıq”.
Leyla Turan Demokrat.az


