Cəmiyyət Özəl

Yerdən pul tapan adam nə etməlidir? — Hüquqşünas açıqladı

Yerdən pul tapan adam nə etməlidir? — Hüquqşünas açıqladı

Küçədə və ya ictimai yerdə pul və ya digər qiymətli əşya tapılması halları hüquqi baxımdan müəyyən qaydalarla tənzimlənir və bu məsələdə vətəndaşın düzgün davranışı xüsusi əhəmiyyət daşıyır. Qanunvericiliyə görə, tapılan əşyanın sahibini müəyyən etmək mümkün olduğu halda, onu geri qaytarmaq və ya müvafiq qurumlara məlumat vermək vətəndaşın üzərinə düşən əsas öhdəliklərdən biridir. Əks halda, tapılan vəsaitin özündə saxlanılması və istifadə olunması hüquqi məsuliyyət yarada bilər.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, küçədə və ya ictimai yerdə pul tapdıqda, bir çoxları bunu şans kimi qəbul etsə də, qanun qarşısında bu, ciddi məsələ hesab olunur.

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, tapılan əşya və ya pul dərhal sahibinə qaytarılmalıdır. Əgər sahibini tanımırsınızsa, bu barədə mütləq polisə və ya tapıldığı yerin məsul şəxsinə məlumat vermək lazımdır. Məsələn, pul avtobusda tapılıbsa sürücüyə, mağazada tapılıbsa administratora təhvil verilməlidir".

Vəkil bildirib ki, əgər tapılan pulu heç kimə demədən götürüb özünüzə saxlasanız, bu, hüquqi baxımdan özgə əmlakını mənimsəmə kimi qiymətləndirilə bilər.

"Məbləğ böyük olduqda isə bu hal cinayət məsuliyyəti yarada bilər. Eyni zamanda qanun dürüst vətəndaşları da qoruyur. Belə ki, tapdığınız pulu aidiyyəti üzrə təhvil verdikdən sonra sahibi müəyyən edilərsə, siz həmin məbləğin müəyyən hissəsini, adətən 20 faizə qədər, mükafat kimi tələb etmək hüququna maliksiniz. Əgər 6 ay ərzində aparılan axtarışlara baxmayaraq pulun sahibi tapılmazsa, qanunvericiliyə uyğun olaraq həmin vəsait sizin mülkiyyətinizə keçə bilər".

Qeyd edək ki, dünən Rusiyada uşaqlar içərisində 88 min dollar olan çanta tapıblar, sonra da bilmədən onu yandırıblar.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova