Rasim Balayev getdi... Azərbaycan kinosunun sonuncu "Babək"i, "Nəsimi"si, o qürurlu diksiyanın, o xarizmatik duruşun sahibi artıq yoxdur. Xəbər Türkiyədən gəldi, amma ağrısı bütün Azərbaycana yayıldı.
Əslində, Rasim Balayev elə bir zirvə idi ki, biz onu həmişə var olacaqmış kimi qəbul etmişdik. Amma həyat öz hökmünü verir. O, sadəcə bir aktyor deyil, bir dövrün simvolu, bir xalqın qəhrəmanlıq obrazlarının vizual təcəssümü idi.
Onun həyat yolu heç də hamar olmayıb. Ağsunun o balaca, çəlimsiz uşağı beş yaşında əlifbanı sökəndə bəlkə də heç kim ağlına gətirməzdi ki, illər sonra bu uşaq Azərbaycanın ən böyük sərkərdələrinin, şairlərinin səsi olacaq. Amma tale onu həm də sərt sınaqlara çəkib. Gənc yaşlarında 100 günlük Gəncə həbsxanası həyatı ona "həyatın əyləncə olmadığını" erkən yaşda öyrədib. Bəlkə də elə o 100 günün gətirdiyi o daxili kədər və ciddiyyət sonradan onun canlandırdığı obrazlara o ağırlığı, o səmimiyyəti qatmışdı.
Ən təsiredici məqam isə budur: Nəsimi rolu onu həm məşhur etdi, həm də ölümün pəncəsindən aldı. Ağır depressiya içində, xəstəxanada yatarkən gələn o ssenari Rasim Balayevin həyatını dəyişdi. Təsəvvür edin, gənc bir adam "mənim ömrümə az qalıb" deyib ssenarini geri qaytarır, amma rejissor inadı və sənət eşqi onu yenidən ayağa qaldırır. O, Nəsimi oldu, Nəsimi isə ona can verdi. 25 yaşında qazandığı o uğur, Moskva köşklərində satılan şəkilləri əslində bir millətin qürur mənbəyi idi.
Amma həyat təkcə alqışlardan ibarət deyil. Rasim Balayevin Ramiz Əzizbəyli ilə olan o illərin dostluğunun üzərindən qara xətt çəkilməsi, araya girən soyuqluq sənət dünyasının görünməyən kədəridir. Övlad acısı, ailə məsələləri iki nəhəng sənətkarın yollarını elə ayırdı ki, Ramiz müəllim son mənzilə gedəndə də o buzlar ərimədi. Bu, bəlkə də sənətkar taleyinin ən ağır tərəfidir: hamı tərəfindən sevilmək, amma ən yaxın dostun tərəfindən bağışlanmamaq...
Rasim Balayev 70-dən çox filmdə oynadı, dünyanı gəzdi, "Xalq artisti" adını hələ 34 yaşında qazandı. Amma o, həmişə bizim üçün o hündürboylu, daxilən kövrək, zahirən məğrur aktyor olaraq qaldı. Onun gedişi ilə Azərbaycan kinosunun bir qızıl səhifəsi qapandı.
İndi o, illər öncə adını qoyduğu oğlu Asimin yanına, bəlkə də o vaxt qoymadığı o "R" hərfini ruhuna büküb getdi. Allah rəhmət eləsin, böyük ustad. Sənin səsin, sənin "Məndə sığar iki cahan" hayqırışın həmişə bu torpaqlarda əks-səda verəcək.
İslam Demokrat.az


