Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən Demokrat.az-a verilən məlumata görə, hazırda ölkədə yağışlı hava hökm sürür ki, bu da yollarda hərəkəti çətinləşdirir və qəza riskini artırır.
“Yaranan çətinliklərin aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində xidmət aparan DYP əməkdaşları qabaqlayıcı tədbirlər həyata keçirir. Lakin yağışlı və çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik şərait sürücülərdən daha diqqətli olmağı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyi tələb edir”, – məlumatda bildirilib.
Bayram tətili günlərində səfərə çıxan və daimi yaşayış yerlərinə qayıdan əhali səbəbindən yollarda hərəkətin intensivliyinin artdığı vurğulanıb. Sürücülərdən hava şəraitini düzgün qiymətləndirmələri, təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görmələri, sürət həddi və ara məsafəsini qorumaq, həmçinin nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamaqları xahiş edilib.
Müraciətdə qeyd olunur: “Dəyərli sürücülər, əlverişsiz hava şəraitində intizamlı və səbrli davranmaqla həm özünüzün, həm də digər hərəkət iştirakçılarının mənzil başına sağ-salamat çatmasına töhfə verə bilərsiniz.”
Demokrat.az


