Günorta yeməyindən sonra yaranan qəfil süstlük və yuxululuq hissi bir çox insanın iş məhsuldarlığını aşağı salır. Rusiyalı terapevt Olqa Çistik bildirir ki, bu vəziyyət əslində yanlış qidalanma vərdişləri ilə bağlıdır.
Demokrat.az xəbər verir ki, həkim nahardan sonra enerjini itirməmək üçün üç əsas məqama diqqət çəkir.
İlk növbədə, nahar menyusunda zülallara üstünlük verilməlidir. Balıq, quş əti, paxlalılar və kəsmik kimi məhsullar həm toxluq hissini uzadır, həm də bədəni lazımi enerji ilə təmin edir. Tərəvəz və meyvələrdəki liflər isə qanda şəkərin kəskin şəkildə qalxıb-enməsinin qarşısını alır.
Həkim xüsusilə şirniyyat və un məmulatlarından qaçmağı tövsiyə edir. Çünki bu qidalar qanda insulini sürətlə artırır və qısa müddət sonra insanda halsızlıq yaradır.
"Yeməyi tələsmədən, sakit mühitdə qəbul etmək də həzm prosesi üçün vacibdir. Yeməkdən dərhal sonra iş masasına qayıtmaq əvəzinə, 10-15 dəqiqəlik qısa bir gəzintiyə çıxmaq məsləhətdir. Belə kiçik hərəkətlilik diqqəti toplamağa və yuxululuğu aradan qaldırmağa kömək edir".
Demokrat.az


