Şəkərbura və paxlava Azərbaycan süfrəsinin klassik şirniyyatları sayılır, xüsusilə Novruz günlərində demək olar hər evdə yer alır. Amma bu dadlı təamların həddən artıq yeyilməsi orqanizm üçün o qədər də zərərsiz deyil. Əsas məsələ tərkibindəki yüksək şəkər və yağ miqdarıdır. Bu amillər nəzarətsiz qəbulla artıq çəkiyə gətirib çıxarır, nəticədə ürək-damar sistemi üçün əlavə risklər yaranır.
Demokrat.az-ın məlumatına görə bu şirniyyatların yüksək glisemik indeksə malik olması da diqqətdən qaçmamalıdır. Qan şəkərini sürətlə yüksəldir, bu isə xüsusilə diabet və insulin müqaviməti olanlar üçün təhlükə yaradır. Şəkərin çoxluğu diş sağlamlığına da təsirsiz ötüşmür, çürümə və diş əti problemləri daha tez ortaya çıxır. Digər tərəfdən, hazırlanarkən istifadə olunan doymuş yağlar xolesterinin artmasına şərait yaradır, damarların tutulması riskini yüksəldir. Uzun müddətdə bu proses infarkt və insult ehtimalını artıran amillərdən sayılır.
Həzm sistemi də bu qidalardan yan keçə bilmir. Yağlı və ağır tərkib mədədə ağırlıq hissi yaradır, köp və narahatlıqla nəticələnir. Xüsusilə həzm problemləri olanlarda bu təsir daha qabarıq hiss olunur. Elə buna görə də, şəkərbura və paxlavanı tam kənara qoymaq yox, sadəcə ölçünü gözləmək daha doğru yanaşma sayılır. Balanslı qidalanma fonunda bu şirniyyatların az miqdarda istehlakı həm ənənəni qoruyur, həm də sağlamlığı risk altına atmır.
İsmayıl Demokrat.az


