Müharibələr təkcə cəbhə xəttindəki döyüşlərlə bitmir, həm də dövlətlərin gələcək taleyini və regionun siyasi simasını yenidən formalaşdırır. Uzun sürən münaqişələr hərbi balansın dəyişməsinə səbəb olur ki, bu da birbaşa sərhədlərin və geosiyasi xəritənin yenilənməsi ehtimalını artırır. Bu prosesdə hərbi üstünlüklə yanaşı, diplomatik manevrlər və beynəlxalq güclərin prosesə münasibəti həlledici rol oynayır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, müharibələr həm özünəməxsus sanitar funksiyasını yerinə yetirir, həm də xalqların, dövlətlərin və cəmiyyətlərin müqavimət qabiliyyətini yoxlayır, onların dövlətçilik prinsipləri üzərində nə dərəcədə dayana biləcəyini sınaqdan keçirir.
"Bu proses təsadüfi deyil, müharibələr çox dərin, kəskin və tektonik dəyişikliklər gətirir. Sərhədlər dəyişir, dövlətlər çökməkdədir, yeni məmləkətlər meydana çıxır və uzun illərdən sonra öz müstəqillik ideyalarını yaşadan xalqlar bu həsrətə son qoyur. İndiki müharibə də məhz belə bir bölgədə baş verir ki, burada tarixi olaraq İngiltərə, Fransa və xüsusilə Sayks-Piko protokolu yaxın və Orta Şərqin xəritəsini formalaşdırmışdı. İkinci Dünya Müharibəsindən sonra isə bu proses davam etdirildi. Amerika Birləşmiş Ştatları yeni hegemon kimi, Sovet İttifaqı isə İsrail dövlətinin yaranması ilə ərəb camiəsinin rəyini nəzərə almadan süni dövlətlərin meydana çıxmasına şərait yaratdı".

Ekspert bildirib ki, Ərəb Baharı prosesləri zamanı Qərbin, xüsusilə Britaniya, Fransa və ABŞ-ın elitalarının təlatümü başladı.
"Onlar süni dövlətlərin yaradılmasında ciddi səhvlər etdiklərini etiraf etməli oldular. Bu dövlətlər formalaşdıqdan sonra parlamentlər, siyasi institutlar, vətəndaş cəmiyyəti quruldu, amma sonradan Qərb dairələri bu dövlətləri zəiflətmək və hətta parçalamaq cəhdlərinə başladı. Nəticədə İraq, Liviya və Suriya kimi ölkələr parçalanmış vəziyyətə düşdü. Bununla belə, bölgədə yeni regional güclər, məsələn, Türkiyə, İran və Pakistan, öz mövqelərini qorumağa və müttəfiqlər qazanmağa çalışırlar. Hazırkı müharibənin təsiri çox böyükdür. Ərəb dövlətləri, xüsusilə Körfəz ölkələri çaşqın vəziyyətdədir, əvvəlcə Qərbdən aldadıcı zəmanətlər almışdılar. Bu zəmanətlər onların qoruyucu qüvvəsi kimi təqdim olunurdu, amma indi aydın olur ki, onlar yalnız aldadılmışdır. Yeni regional güclər artıq başa düşürlər ki, supergüclərin hiyləsi və iftirası ilə hərəkət etməsinə dözmək mümkün deyil. İrana yönəlmiş hücum isə göstərir ki, hegemon dövlətlərin özbaşınalığı və beynəlxalq hüquqa məhəl qoymaması yolverilməzdir. Bu baxımdan BMT və digər beynəlxalq institutların fəaliyyəti ya yenidən qurulmalı, ya da yeni institutlarla əvəz olunmalıdır".
Onun sözlərinə görə, gələcəkdə bəzi dövlətlərin çökəcəyi, başqalarının ya digər dövlətlərin tərkibinə qatılacağı, ya da federativ quruluşlarda yeni dövlətlərin formalaşacağı gözlənilir.
"ABŞ hegemonist siyasətinin iflasını yaşayır, Donald Trampın İsrailin təşviqi ilə müharibəyə daxil olması isə çıxış mexanizmini çətinləşdirir. İranın Hörmüz boğazını bağlaması göstərir ki, hegemon dövlətlər haqsız hərəkət edərsə, onlara asimmetrik təsir göstərmək zəruridir. İran unikal təcrübə formalaşdırır, İsrailin dövlət terroru isə yolverilməzdir və təhlükəli presedentdir. Bu müharibə nəticəsində bir çox məsələlər dəyişəcək, bütün proseslər şəffaf şəkildə qiymətləndirilməli, yalançı boyalarla həqiqəti dəyişdirmək mümkün olmayacaq. Dünya artıq fəal informasiya dövrünü yaşayır, süni intellekt həyatın bütün sahələrinə sirayət edib. İnsan ideya daşıyıcısıdır və süni intellekt yalnız köməkçi olmalıdır. Lakin süni intellekt dağıdıcı məqsədlərlə istifadə olunarsa, mövcud sistemin qorunması üçün ehtiyatlı olmaq lazımdır".
O, qeyd edib ki, bu proseslərdə kuliminasiya hələ baş verməyib, amma yaxın zamanda müəyyən olacaq ki, qarşıdurmadan kim necə çıxacaq və bölgədə güc balansı necə formalaşacaq.
Əfsanə Kamal Demokrat.az


