Cəmiyyət Özəl

Bu şəxslərin əmək müqavilələri "avtomatik" dayandırılacaq

Bu şəxslərin əmək müqavilələri avtomatik dayandırılacaq

Azərbaycanda əmək müqavilələrinə yeni yanaşma təklif olunur. Belə ki, bəzi hallarda müqavilə tərəflərin iradəsindən asılı olmayaraq avtomatik xitam ediləcək. Bu, müəssisənin ləğvi, işçinin əmək qabiliyyətini itirməsi və ya digər obyektiv səbəblərlə bağlı halları əhatə edir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsi sahəsində mühüm yeniliklərdən biri Azərbaycan Respublikasının Əmək Məcəlləsnə təklif olunan dəyişikliklərlə bağlıdır.

"Bu dəyişikliklər xüsusilə əmək müqaviləsinə xitam verilməsi mexanizminə yeni yanaşma gətirir və tərəflərin iradəsindən asılı olmayan hallarda müqavilənin avtomatik şəkildə qüvvədən düşməsini nəzərdə tutur. Mövcud qaydalardan fərqli olaraq, yeni yanaşma hüquqi faktın baş verməsini əsas götürür və əlavə inzibati prosedurları minimuma endirməyi hədəfləyir. Təklif olunan dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, bəzi hallarda əmək müqaviləsinin dayandırılması üçün işəgötürənin ayrıca əmri hüquqi nəticənin yaranması üçün əsas rol oynamayacaq. Əgər müəyyən obyektiv hal baş verərsə, məsələn işçinin vəfat etməsi, onun əmək qabiliyyətini tam itirməsi, məhkəmə hökmü ilə uzunmüddətli azadlıqdan məhrum edilməsi və ya iş yerinin obyektiv səbəblərdən mövcudluğunu itirməsi kimi hallar yaranarsa, müqavilə avtomatik olaraq xitam olunmuş hesab ediləcək. Bu yanaşma hüquqi münasibətlərin faktiki vəziyyətə uyğunlaşdırılmasına xidmət edir".

Vəkil bildirib ki, bu dəyişikliklərin tətbiqi bir tərəfdən hüquqi müəyyənliyi artırır.

"Çünki tərəflər əvvəlcədən hansı hallarda əmək münasibətlərinin dayandırılacağını daha dəqiq bilirlər və əlavə sənədləşmə mərhələlərinə ehtiyac azalır. Bu da xüsusilə mübahisəli halların sayının azalmasına və prosedurların sadələşdirilməsinə gətirib çıxara bilər. Hüquqi faktın əsas götürülməsi əmək münasibətlərinin formal deyil, real vəziyyətə uyğun qiymətləndirilməsinə imkan yaradır. Digər tərəfdən, bu mexanizm müəyyən riskləri də özündə ehtiva edir. Ən əsas narahatlıq ondan ibarətdir ki, bəzi hallarda işəgötürənlər obyektiv səbəb anlayışını geniş şərh edərək bundan sui-istifadə edə bilərlər. Bu isə işçilərin hüquqlarının zəifləməsi ilə nəticələnə bilər. Əvvəllər işçi əmrin qanunsuzluğunu mübahisələndirə bildiyi halda, yeni şəraitdə o, artıq hadisənin özünün düzgün qiymətləndirilmədiyini sübut etməli olacaq ki, bu da hüquqi müdafiəni daha mürəkkəb edə bilər.Kompensasiya məsələsi də bu dəyişikliklər fonunda xüsusi əhəmiyyət daşıyır. Əgər əmək müqaviləsinə xitam tərəflərin iradəsindən asılı olmayan səbəblərlə baş verirsə, bəzi hallarda işçiyə əlavə ödənişlərin verilib-verilməyəcəyi məsələsi açıq qala bilər. Buna görə də qanunvericilikdə bu kimi hallarla bağlı sosial təminat mexanizmlərinin dəqiq və aydın şəkildə müəyyən edilməsi vacib hesab olunur".

Onun sözlərinə görə, nəticə etibarilə, təklif olunan dəyişikliklər əmək münasibətlərində çevikliyi və hüquqi aydınlığı artırmağa yönəlib.

"Bununla yanaşı, onların tətbiqi zamanı işçilərin hüquqlarının qorunması üçün əlavə təminat mexanizmlərinin yaradılması və nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu balans qorunduğu halda, yeniliklər əmək bazarında daha şəffaf və effektiv münasibətlərin formalaşmasına töhfə verə bilər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova