Cəmiyyət Özəl

Bayram süfrəsi qurmaq neçəyə başa gəlir? — AÇIQLAMA

Bayram süfrəsi qurmaq neçəyə başa gəlir? — AÇIQLAMA

Yaxınlaşan bayram günləri ərəfəsində bazarlarda və supermarketlərdə canlanma müşahidə olunur. Ənənəvi təamlarla bəzədilən süfrələr üçün alış-veriş siyahıları hazırlansa da, məhsulların qiymətindəki dəyişikliklər büdcə planlamasını əsas mövzuya çevirib. Bir çox ailəni hazırda tək sual düşündürür, bayram süfrəsi açmaq üçün nə qədər vəsait lazımdır?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Kamil Niftəliyev bildirib ki, hazırkı qiymətlərlə sadə bayram süfrəsinin hazırlanması üçün təxminən 150–200 manat, daha zəngin və müxtəlif yeməklərlə qurulan süfrə üçün isə 250–350 manat civarında vəsait tələb oluna bilər.

“Bayram süfrəsində ən çox xərc tələb edən məhsullar ət, çərəzlər, quru meyvələr və bəzi şirniyyat məhsullarıdır. Xüsusilə qoz-fındıq, badam, püstə kimi məhsulların qiyməti son illərdə xeyli artıb. Bundan başqa, plov üçün istifadə olunan düyü və yağ kimi məhsullar da ümumi xərclərə ciddi təsir edir”.

Ekspertin sözlərinə görə, qiymət artımına təsir edən əsas amillərdən biri ərzaq inflyasiyasıdır.

"Son illərdə kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin artması, yanacaq və logistika qiymətlərinin yüksəlməsi bazarda bahalaşmanı sürətləndirib. Digər mühüm faktor isə idxal asılılığıdır. Bayram süfrəsində istifadə olunan bir sıra məhsullar – xüsusilə bəzi çərəzlər, quru meyvələr, düyü və müəyyən şirniyyat məhsulları xaricdən gətirilir. Dünya bazarında qiymətlərin artması və daşınma xərclərinin yüksəlməsi bu məhsulların daxili bazarda da bahalaşmasına səbəb olur".

Kamil Niftəliyev hesab edir ki, ailələr büdcələrinə uyğun menyu seçməklə bayram xərclərini müəyyən qədər optimallaşdıra bilərlər.

"Bununla belə, mövcud qiymətləri nəzərə alsaq, hazırda orta hesabla bir ailənin bayram süfrəsi qurması üçün təxminən 200–300 manat civarında vəsait ayırması tələb olunur".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova