Siyasət Özəl

"Düymə yuxarıdan basılıb" — Şantaj planının səs yazısı

Düymə yuxarıdan basılıb — Şantaj planının səs yazısı

İlin əvvəlindən Alyona Əliyeva barədə sosial şəbəkələrdə yayılan görüntülərin saxta olduğu müəyyən edilib. Məlum olub ki, bu materiallar əvvəlcədən planlaşdırılmış şantaj sxeminin tərkib hissəsidir. Dövlət Təhlükəsizliyi Xidməti-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı F.S. saxlanılıb. O, saxta videolarla yüksək vəzifəli şəxsləri hədələyərək əvvəl 10 milyon, daha sonra isə 5 milyon avro tələb edib.

Demokrat.az-ın məlumatına görə istintaq zamanı F.S. bildirib ki, fevralın 11-də Mehman Hüseynov ilə əlaqə saxlayaraq görüntüləri istəyib və qısa müddətdə həmin materialları əldə edib. Texniki araşdırmalar isə göstərib ki, videolar Alyona Əliyevaya aid deyil, 18+ saytlardan götürülüb və “Amber Lulu” ləqəbli əcnəbi qadına məxsusdur.

Fakt üzrə toplanan sübutlar yayılan məlumatların tamamilə saxta olduğunu və məqsədin şantaj yolu ilə külli miqdarda pul əldə etmək olduğunu ortaya qoyur.

İstintaq materiallarında ən diqqətçəkən məqamlardan biri də Zəki Səlimovun səs yazısıdır. O, bu kampaniyanın sadəcə bir oyun olduğunu və "yuxarıdan" gələn təlimatla hərəkət etdiklərini etiraf edir. Səlimov ifadələrində "icazə verilən xətt", "hansı rolun verilməsi" və "düymənin basılması" kimi ifadələr işlədərək prosesin xarici qüvvələr tərəfindən idarə olunduğuna işarə vurur.

Bu hadisə göstərir ki, Alyona Əliyevaya qarşı aparılan kampaniya tamamilə yalan üzərində qurulub. Texnologiyanın inkişafından sui-istifadə edən qüvvələr saxta materiallarla həm şantaj yolu ilə pul qazanmaq, həm də cəmiyyətdə mənfi rəy formalaşdırmaq istəyiblər.

Azərbaycan cəmiyyətində qadına qarşı bu cür şantaj və böhtan yolverilməz hesab olunur. Bu gün bir qadına atılan ləkə əslində bütün cəmiyyətin mənəvi dəyərlərinə hücumdur. Məsələ ilə bağlı araşdırmalar davam edir və məhkəmənin yekun qərarından sonra təqsirkarların kimliyi rəsmən tam açıqlanacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova