İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması layihəsinin icrası davam edir.
Demokrat.az xəbər verir ki, qurumdan verilən məlumata görə, 2026-cı il martın 1-dək portal üzərindən vətəndaşlardan ümumilikdə 28 237 müraciət daxil olub. Bu müraciətlərin 17 072-si üzrə 90,7 milyon manat vəsaitin geri ödənilməsi təmin edilib. Eyni zamanda, 9 234 müraciətə müvafiq qaydalara uyğun olaraq imtina edilib və ya ödəniş əməliyyatları uğursuz olub.
Cari ilin ilk iki ayı ərzində isə portal vasitəsilə 1 265 müraciət qeydə alınıb. Onlardan 964-ü üzrə 6 milyon manatdan çox vəsait vətəndaşlara qaytarılıb. 206 müraciət üzrə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz nəticələnib.
Məlumata əsasən, müraciətlərə imtinanın əsas səbəbləri sırasında son ödəniş tarixindən sonra 90 gün ərzində müraciət edilməməsi, ödəniş təyinatında e-qaimə məlumatlarının göstərilməməsi, ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi, eləcə də ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi yer alır.
Qeyd olunur ki, ödəniş alıcıdan başqa şəxs tərəfindən edildikdə, həmin şəxsin səlahiyyətlərini təsdiq edən notarial etibarnamə təqdim olunmalıdır. Bundan əlavə, daşınmaz əmlakın dəyəri (ƏDV-siz) satıcının bank hesabına, ƏDV məbləği isə depozit hesabına ödənildiyi halda geri qaytarılma mümkündür.
Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericiliyə uyğun təqdim etməyi tövsiyə edir. Bildirilir ki, portal istifadəyə verildikdən sonra bu sahədə fəaliyyət göstərən şəxslər tərəfindən 3 914 məlumat forması təqdim edilib və hazırda bu istiqamətdə monitorinq və təhlil işləri davam etdirilir.


