Novruz bayramı ilə bağlı tonqal qalamaq ənənəsi həm mədəni, həm də əyləncəli adət kimi geniş yayılıb, lakin bu fəaliyyət eyni zamanda yanğın və xəsarət risklərini də artırır. Tonqal qalayarkən və üzərindən tullanarkən vətəndaşlar xüsusi diqqət və təhlükəsizlik qaydalarına əməl etməlidirlər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, tonqal binalardan, avtomobillərdən və qaz xətlərindən mümkün qədər uzaq bir ərazidə qurulmalıdır.
"Ətrafda yanıcı materiallar, məsələn, kağız, quru ot yığınları və ya benzin kimi maddələr olmamalıdır, çünki bunlar tonqalın nəzarətdən çıxmasına və ciddi yanğın təhlükəsi yaranmasına səbəb ola bilər. Tonqalın alovlandırılması zamanı heç bir halda benzin və digər tez alışan mayelərdən istifadə etmək olmaz. Tonqalın ölçüsü nəzarət altında saxlanacaq səviyyədə olmalıdır. Təəssüf ki, bəzən tonqallar həddindən artıq iri edilir ki, bu da həm təhlükəli olur, həm də onu idarə etməyi çətinləşdirir. Tonqalın ətrafında uşaqların nəzarətsiz qalmasına yol verilməməlidir. Uşaqların təhlükəsizliyinə xüsusi diqqət yetirilməli, onları tonqaldan müəyyən məsafədə saxlamaq vacibdir".
Ekspert bildirib ki, hər hansı tədbir zamanı tonqalın yanında yanğın təhlükəsinə qarşı tədbirlər görülməlidir.
"Bu məqsədlə yanğınsöndürən balon, qum və ya su kimi vasitələr əlçatan olmalıdır. Beləliklə, qəza və fövqəladə hallar zamanı alova tez müdaxilə etmək mümkün olacaq. Ən önəmlisi isə tonqal tam söndürülmədən ərazini tərk etmək qəti qadağandır. Tonqalın tam söndürülməsi və külün soyumasına qədər diqqətli nəzarət olunmalıdır. Bu qaydalara riayət etməklə həm insanların, həm də ətraf mühitin təhlükəsizliyi təmin edilir və bayram tonqallarının əyləncəli, amma təhlükəsiz keçirilməsi mümkün olur".
Əfsanə Kamal Demokrat.az


