Bayram ərəfəsində bazarlarda püstə və digər çərəz məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Bahalaşmanın əsas səbəbləri arasında xarici ölkələrdən idxalın azalması, məhsulun istehsal və nəqliyyat xərclərinin yüksəlməsi, eləcə də valyuta məzənnəsində dəyişikliklər dayanır. Bundan əlavə, tələbin mövsümi artması da qiymətlərin yüksəlməsinə təsir göstərir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, bayram ərəfəsində, xüsusən də Novruz bayramı öncəsi, milli adət-ənənələrimiz süfrələrimizə öz təsirini göstərir.
"İnsanlar süfrələrini daha zəngin etmək, müxtəlif çərəzlərə və şirniyyatlara üstünlük vermək istəyirlər. Bu səbəbdən badam, püstə, qoz-fındıq, kişmiş və digər çərəzlərə tələbat artır. Artan tələbat bəzən süni qiymət artımına da səbəb ola bilər. Məsələn, işbazlar əlavə qazanc məqsədilə məhsul qiymətlərini qısamüddətli olaraq artırırlar. Eyni zamanda, idxal xərcləri, logistika xərcləri, xarici valyuta ilə alınan məhsullar da qiymətlərin yüksəlməsində rol oynayır. Lakin bir gün ərzində qiymətlərin kəskin, 80–100% artması süni qiymət artımı hesab olunur. Məsələn, bazarda dünən 5 manata olan məhsul bu gün 15 manata təklif olunursa, bu artıq süni artımdır".
Ekspert bildirib ki, digər vacib məsələ məhsulların keyfiyyətidir.
"Çərəzlərin saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Rütubətli yerdə saxlanılan çərəzlərdə kiflənmə baş verə bilər ki, bu da qoz, fındıq və badamda acılıq və keyfiyyət itkisinə səbəb olur. Məhsulların düzgün saxlanmaması, rütubət, günəş şüaları və toz-torpaq kimi amillər satış keyfiyyətinə birbaşa təsir göstərir. Xüsusilə yol kənarlarında və açıq havada satılan çərəzlər toz, torpaq və külək səbəbindən çirklənə bilər. Bu səbəbdən satış zamanı məhsulların çeşidlənməsi, saxlanma şəraiti və gigiyena qaydalarına əməl olunması çox vacibdir".
Əfsanə Kamal Demokrat.az


