Bəzi insanlar 80 yaşını keçsələr də, gənclərə xas olan iti yaddaş və aydın təfəkkür nümayiş etdirirlər. Alimlərin "superqocalar" adlandırdığı bu şəxslər beyin qocalmasına qarşı sanki toxunulmazdırlar. Yeni araşdırmalar bu fenomenin arxasında dayanan sirri qismən də olsa üzə çıxarıb.
Demokrat.az-ın məlumatına görə adətən 40-50 yaşlarından etibarən beyin qabığında kiçilmə müşahidə olunur və 70 yaşdan sonra bu proses yaddaş zonalarında sürətlənir. Lakin "superqocalar"da bu qabıq strukturu çox yaxşı qorunur. Hətta diqqət və motivasiyaya cavabdeh olan kəmər qıvrımı bölgəsi onlarda bəzi hallarda gənclərdən belə daha qalın olur.
Tədqiqatlar göstərir ki, burada genetik faktorların rolu böyükdür. Məsələn, Altsheymer riskini artıran "APOE4" geni bu insanlarda az olur, əvəzində uzunömürlülüyə kömək edən "APOE2" variantı daha çox rast gəlinir. Maraqlıdır ki, bəzi "superqocalarda" demensiya xəstələrinə xas olan neyrofibrilyar düyünlər aşkar edilsə də, onların idrak qabiliyyətləri normal qalır. Bu, onların beynində hələ tam öyrənilməmiş müdafiə mexanizmlərinin olduğunu göstərir.
2026-cı ilin fevralında aparılan son araşdırma daha bir detalı aydınlaşdırıb. Bu insanların beyni təkcə mövcud neyronları qorumur, həm də yenilərini aktiv şəkildə istehsal edir. Xüsusilə öyrənməyə cavabdeh olan hipokamp strukturu onlarda daha böyükdür və hüceyrələrarası əlaqələr daha keyfiyyətlidir.
Fiziki aktivlik, düzgün pəhriz, daimi zehni yüklənmə və sosial əlaqələrin saxlanılması bu əlaqələrin keyfiyyətinə birbaşa təsir edir. Genetik miras həlledici olsa da, insanın özünə baxması və aktiv həyat tərzi sürməsi beynin uzun müddət gənc qalmasına yardımçı olur.
İsmayıl Demokrat.az


