Media Özəl

"Daş kimi" yatmağın sirri açıqlandı

Daş kimi yatmağın sirri açıqlandı

Səhər oyandıqda özünü yorğun hiss edənlər üçün yataq otağının düzgün qurulması həlledici rol oynayır. Dizayner Alla Makarova keyfiyyətli yuxu üçün otaqda nələrə diqqət yetirməyin vacib olduğunu bildirib.

Demokrat.az-ın məlumatına görə yuxu hormonu olan melatonin qaranlıq mühitdə ifraz olunduğu üçün otağın işıqlandırması xüsusi əhəmiyyət kəsb edir. Yatmazdan iki saat əvvəl parlaq işıqları söndürüb daha zəif yanan lampalardan istifadə etmək məsləhətdir. Pəncərələrə asılan qalın pərdələr isə küçə işıqlarının otağa daxil olmasının qarşısını alaraq dərin yuxu üçün şərait yaradır.

Düzgün seçilməyən döşək və yastıq bədəndə gərginliyə səbəb olur. Əgər insan gecə boyu tez-tez vəziyyətini dəyişirsə və ya səhər bel ağrısı ilə oyanırsa, deməli yataq ləvazimatlarını yeniləməyin vaxtıdır. Dizayner müxtəlif sərtlik zonaları olan ortopedik döşəklərə üstünlük verməyi tövsiyə edir.

Yataq dəstlərinin materialı da yuxu rejiminə birbaşa təsir göstərir. Pambıq, kətan və ya viskoz kimi təbii parçalar dərinin nəfəs almasını təmin edir. Otağı mütəmadi havalandırmaq, artıq əşyaları və elektron cihazları yataqdan uzaq tutmaq dincəlmək üçün vacib addımlardır. Həmçinin qeyd olunur ki, bəzən mədə yanması kimi sağlamlıq problemləri də tənəffüs yollarını qıcıqlandıraraq yuxunun pozulmasına gətirib çıxarır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova