Sağlamlıq

6 ay ancaq toyuq filesi yedi, pankreatit oldu

6 ay ancaq toyuq filesi yedi, pankreatit oldu

Arıqlamaq üçün seçilən səhv qidalanma rejimi ağır xəstəliklərlə nəticələnə bilər. Çində 25 yaşlı qadın 6 ay boyunca yalnız qaynadılmış toyuq filesi və gül kələmi ilə qidalandıqdan sonra kəskin pankreatit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. "Oddity Central"ın yaydığı məlumata görə, qadın rasionundan demək olar ki, bütün yağları çıxarıb.

Demokrat.az-ın məlumatına görə sosial şəbəkələrdə "özünənəzarət tanrıçası" kimi tanınan qadın çəki itirsə də, zamanla onda ciddi problemlər yaranıb. Əvvəlcə halsızlıq, yorğunluq və dəri vəziyyətinin pisləşməsi kimi əlamətləri ciddiyə almayan qadın, sonradan şiddətli qarın ağrıları və spazmlarla təcili yardım şöbəsinə düşüb. Müayinələr zamanı mədəaltı vəzin iltihabı olan kəskin pankreatit aşkar edilib. Qanda amilaza səviyyəsinin normadan 10 dəfə yüksək olması vəziyyətin kritikliyini göstərib.

Həkimlər qeyd edirlər ki, xəstəliyin əsas səbəbi uzunmüddətli, yağsız və balanssız pəhrizdir. İnsan orqanizmi normal fəaliyyət göstərmək üçün zəruri olan yağlara, vitaminlərə və müxtəlif qida elementlərinə ehtiyac duyur. Hətta "faydalı" sayılan məhsullarla belə qurulan ekstremal və tək-tərəfli pəhrizlər orqanizmin daxili tarazlığını pozaraq ciddi fəsadlar yaradır. Mütəxəssislər vurğulayırlar ki, sağlam arıqlama yalnız kalorinin düzgün tənzimlənməsi və balanslı qidalanma hesabına aparılmalıdır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova