Cəmiyyət Özəl

"Ailə dağıdan" görüntülərlə bağlı qanun hazırlanır — Milli Məclisə təqdim olundu

Ailə dağıdan görüntülərlə bağlı qanun hazırlanır — Milli Məclisə təqdim olundu

Süni intellekt texnologiyalarının inkişafı ilə insanların səsi və görüntüsündən icazəsiz istifadə edilərək saxta foto, video və audio materialların hazırlanması halları artıb. Hüquqi baxımdan belə “deepfake” məzmunların hazırlanması və yayılması şəxsi nüfuz, şərəf və ləyaqətə zərər vurduğu, habelə dələduzluq və digər cinayət məqsədli istifadə hallarında cinayət məsuliyyətini yaradır. Azərbaycan qanunvericiliyində bu cür hərəkətlər xüsusilə informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və internetdə dələduzluq maddələri çərçivəsində tənzimlənir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Sahib Məmmədov bildirib ki, hazırda Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna, həmçinin “Media haqqında” qanuna əlavə və dəyişikliklər Milli Məclisə təqdim olunub.

"Məqsəd şəxsin icazəsi olmadan onun haqqında video, foto və audio materialların, eləcə də real olmayan video, foto və audio materialların hazırlanması ilə bağlı cinayət məsuliyyətini müəyyənləşdirməkdir. Bu məsuliyyət ictimai-xüsusi ittiham qaydasında həyata keçiriləcək, yəni həm şəxsin şikayəti əsasında, həm də müvafiq istintaq orqanlarının qaldırdığı cinayət işi çərçivəsində cinayət təqibi aparılacaq".

Ailə dağıdan görüntülərlə bağlı qanun hazırlanır — Milli Məclisə təqdim olundu

Vəkil bildirib ki, bu dəyişiklik xüsusilə vacibdir, çünki Azərbaycanda artıq süni intellektlə bağlı problemlər müşahidə olunub.

"Məsələn, tələbələrin videoları hazırlanıb və real olmayan materiallar yayılıb. Buna görə də qanuna dəyişikliklər paketi şəklində təqdim olunur. Lakin burada bir məqam çatışmır, problem əslində yalnız Azərbaycanın sərhədləri ilə bağlı deyil, transmilli xarakter daşıyır. Məsələn, bir şəxs xarici ölkədə bir videomaterial hazırlayıb dostuna göndərə bilər və o onu yayarsa, bu halda tədbir görmək çətin olacaq. Buna baxmayaraq, ölkə daxilində qanunvericiliyin tətbiqi vacibdir. Çünki həm inzibati, həm də cinayət məsuliyyəti insanların şərəf, ləyaqət və işgüzar nüfuzuna ziyan vuran hallarda qoruyucu rol oynaya bilər".

Sahib Məmmədov bildirib ki, dəyişikliklər iki hissəyə bölünüb:

"Əgər material seksual xarakterlidirsə, məsuliyyət daha ağır olacaq. Ümumiyyətlə, bu tədbir preventiv xarakter daşıyır və ölkə daxilində bu cür halların qarşısını almağa imkan verəcək. Xarici ölkələrdən yayılan materiallarla mübarizə isə beynəlxalq əməkdaşlıq və konvensiyalar tələb edir, çünki bu artıq transmilli cinayət xarakteri daşıyır və yalnız dövlətlərin birgə səyləri ilə qarşısı alınacaq".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova