Uşağı tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunacaq. Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə olunacaqlar. Sözügedən əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib.
O bildirib ki, uşağın tərbiyəsi adı ilə ona qarşı fiziki və ya psixoloji zorakılığın qadağan olunmasımüasir hüquq sistemlərində qəbul edilən mühüm prinsiplərdən biridir:
“Uşaqların hüquqları həm milli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə qorunur. Bu baxımdan belə davranışlara görə cərimə tətbiq olunması dövlətin uşağın təhlükəsizliyinə xüsusi diqqət göstərdiyini nümayiş etdirir. Lakin praktikada ən çox müzakirə doğuran məsələ bu halların necə müəyyən ediləcəyi ilə bağlıdır. Bu kimi hallar bir neçə mənbə əsasında aşkar edilə bilər. Əvvəla, məktəblər və uşaq bağçaları burada mühüm rol oynayır. Müəllimlər və tərbiyəçilər uşağın davranışında dəyişiklik, qorxu, yaxud bədənində zədə izləri görərsə, bu barədə müvafiq qurumlara məlumat verə bilərlər. Qonşuların və yaxınların şikayəti də araşdırma üçün əsas yarada bilər. Uşağın özünün verdiyi ifadə də hüquqi prosesdə nəzərə alınan faktorlardan biridir”.
O bildirib ki, psixoloji zorakılıq halları isə fiziki zorakılıqdan daha çətin sübut olunur:
“Belə hallarda psixoloqların və sosial işçilərin rəyi önəmli rol oynayır. Uşağın davamlı təhqir olunması, qorxudulması və ya alçaldılması kimi hallar psixoloji təzyiq kimi qiymətləndirilə bilər. Müvafiq qurumlar belə şübhələr yarandıqda ailə ilə bağlı araşdırma aparır. Buna görə də sübutların toplanması vacibdir. Tibbi arayışlar, şahid ifadələri, sosial xidmətlərin hesabatları bu məsələdə əsas rol oynaya bilər. Bəzən hüquq-mühafizə orqanları tərəfindən ailəyə xəbərdarlıq edilir və profilaktik söhbətlər aparılır. Məqsəd təkcə cərimə tətbiq etmək deyil, həm də uşağın təhlükəsiz mühitdə böyüməsini təmin etməkdir. Məncə, bu cür qanunlar yalnız cərimə mexanizmi ilə deyil, həm də maarifləndirmə və sosial dəstək proqramları ilə müşayiət olunmalıdır. Valideynlərə müasir tərbiyə metodları barədə məlumat verilməsi daha effektiv nəticə verə bilər. Uşağın sağlam psixoloji mühitdə böyüməsi cəmiyyətin gələcəyi üçün əsas şərtlərdən biridir. Buna görə də belə qanunların məqsədi ailəni cəzalandırmaq deyil, uşağın hüquqlarını qorumaqdır”.
Leyla Turan Demokrat.az


