Korrupsiya barədə məlumat verən işçilərin iş yerində təzyiqlərlə üzləşməməsi üçün hüquqi müdafiə mexanizmi gücləndirilib. Nazirlər Kabineti bu kateqoriyadan olan şəxslərin attestasiyası ilə bağlı mühüm qərar qəbul edib.
Demokrat.az xəbər verir ki,Baş nazir Əli Əsədov tərəfindən imzalanan sənədə əsasən dövlət qurumlarında və digər müəssisələrdə attestasiya qaydalarına dəyişiklik edilib. Yeni qaydaya görə korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat vermiş işçi attestasiyadan keçərkən onun məlumatı ilə bağlı araşdırma aparan şəxslər prosesə müdaxilə edə bilməz. Belə ki korrupsiya faktını araşdıran və ya bu sahədə qərar vermək səlahiyyəti olan bölmələrin nümayəndələri həmin işçinin peşəkar uyğunluğunun yoxlanılmasında birbaşa və ya dolayı yolla iştirak etməyəcək.
Bu addım Prezidentin 2025-ci il 14 aprel tarixli fərmanının icrasını təmin etmək məqsədilə atılıb. Məqsəd işçilərin korrupsiya hallarını ifşa etdikdən sonra intiqam xarakterli vəzifədən uzaqlaşdırılma və ya aşağı qiymətləndirilmə riskini aradan qaldırmaqdır. Bu qayda dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidmət edir və daxili nəzarət sistemini daha təhlükəsiz hala gətirir.
Qərarda qeyd olunan qadağalar korrupsiya barədə məlumat verən şəxslərin iş yerindəki gələcək fəaliyyətinin yalnız peşəkarlıq meyarları əsasında qiymətləndirilməsini təmin edəcək. Bu dəyişiklik həm də beynəlxalq təcrübədə tətbiq edilən məlumat verən şəxslərin müdafiəsi proqramının tərkib hissəsidir. Yeni qaydaların tətbiqi ilə korrupsiya faktlarını bildirməyə həvəsləndirilən vətəndaşların hüquqi zəmanəti daha da möhkəmlənir.
Demokrat.az


