Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və beynəlxalq aləmdə narahatlıq doğurur. 9 May tarixi Rusiyada Qələbə Günü kimi qeyd olunur və bəzi dairələrdə müharibənin həmin tarixə qədər yekunlaşacağı barədə fikirlər səslənir. Lakin, münaqişənin nəticəsi bir çox hərbi, siyasi və diplomatik amillərdən asılıdır və qısa müddətdə yekunlaşması ehtimalı hələlik qeyri-müəyyəndir.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev Demokrat.az-a bildirib ki, əvvəllər belə konkret müddətlərlə Tramp çıxış etməyə çox meyilli idi:
"Bir neçə dəfə onun Ukrayna müharibəsinin sonu ilə bağlı vaxt proqnozları yanlışa uğradı. Bəlkə də Tramp özü də Ukrayna müharibəsindən bağlı konkret vaxt proqnozları vermək istəməz, çünki əvvəlki cəhdləri uğursuzluqla nəticələnib.
Ukrayna müharibəsinin konkret nə zaman bitəcəyi yalnız Rusiya və Ukrayna birlikdə qərar verə bilər, lakin onların belə ciddi məsələni müzakirə etmək üçün münasib təmasları yoxdur. Yalnız nəzəri olaraq ehtimal etmək olar ki, hər iki tərəf qarşılıqlı razılığa gəlsə, konkret vaxt müəyyənləşə bilər".
Politoloqun sözlərinə görə, müharibənin sonu ilə bağlı həm Rusiyanın, həm də Ukraynanın fərqli yanaşmaları var və hər iki tərəf müharibənin sonunu tamam fərqli platformalarda görür:
"Əgər Ukrayna konkret bir tarix göstərsə, bu Rusiya ilə razılaşmanın göstəricisi olar. Rusiya tarix göstərsə, bu Ukrayna ilə razılaşmanı göstərir.
Buna görə də Ukraynada müharibənin bitməsi ilə əlaqədar konkret zamanı nə Ukraynadan, nə Rusiyadan, nə də Qərb ölkələrindən gözləmək indiki şəraitdə mümkünsüzdür. 9 May tarixi ilə bağlı yayılan proqnozlar isə əsassızdır".
Qeyd edək ki, 24 fevral 2022-ci ildə Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi hücumu ilə başlayan və bu günə qədər davam edən müharibə Ukraynanın Qərblə yaxınlaşması və NATO ilə əməkdaşlığının artması fonunda yaranmış geosiyasi gərginliyin kulminasiya nöqtəsi sayılır. Nəticədə minlərlə insan həyatını itirib, milyonlarla insan öz evini tərk edib və Avropada təhlükəsizlik balansı ciddi şəkildə dəyişib.
Əfsanə Kamal Demokrat.az


