Siyasət Özəl

ABŞ İranın bu adasını ələ keçirməyə hazırlaşır

ABŞ İranın bu adasını ələ keçirməyə hazırlaşır

ABŞ və İran arasında davam edən genişmiqyaslı hərbi toqquşmaların ikinci həftəsinə daxil olduğumuz dövrdə Vaşinqton strateji addımlar atmağa hazırlaşır. Ağ Ev müşaviri Carrod Agenin “Fox Business”ə verdiyi müsahibəyə görə, ABŞ İranın neft ehtiyatlarını nəzarətə götürməyi gündəliyə daxil edib.

Demokrat.az-ın newarab-a istinadla məlumatına görə söhbət İranın ən böyük neft ixrac terminalının yerləşdiyi Xarq adasından gedir. Fars körfəzində, İran sahillərindən təxminən 30 kilometr aralıda yerləşən bu ada ölkənin neft ixracının 90 faizini təmin edir. ABŞ rəsmiləri bu infrastrukturu ələ keçirməklə rəsmi Tehranın gəlirlərini tam kəsməyi və bölgədəki enerji təhlükəsizliyini təmin etməyi qarşısına məqsəd qoyub.

Məsələ ilə bağlı fikirlərini bölüşən "American Enterprise Institute"un analitiki Maykl Rubin adanın ələ keçirilməsini Vaşinqton üçün olduqca məntiqli addım adlandırıb. Onun sözlərinə görə, bu, Tehran hökumətinin maliyyə qaynaqlarını sıxmaq üçün ən təsirli vasitə ola bilər.

Eyni zamanda, ABŞ mediası Ağ Evin İrana qarşı daha konkret hərbi planlar qurduğunu yazır. "NBC News"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şəxsi söhbətlərində İrana kiçik hərbi qrupların yeridilməsinə ciddi maraq göstərib. İddia olunur ki, genişmiqyaslı işğal yox, məhz strateji əməliyyatlar üçün nəzərdə tutulan bu kiçik qüvvələrin bölgədəki tarazlığı kökündən dəyişməsi gözlənilir.

Hələlik rəsmi İrəvan və ya Tehran tərəfindən bu iddialarla bağlı geniş açıqlama verilməsə də, neft terminallarına nəzarət cəhdləri münaqişənin miqyasının nə qədər genişlənə biləcəyini göstərir. Görünür, dünya enerji bazarının ən həssas nöqtələrindən biri sayılan Xarq adası uğrunda mübarizə yaxın günlərdə qarşıdurmanın əsas mərkəzinə çevriləcək.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova