Yaxın Şərqdə artan gərginlik və qlobal ticarət marşrutlarında yaranan ciddi fasilələr Dubayda ərzaq təchizatı ilə bağlı narahatlıqları pik həddə çatdırıb. Rəsmi mənbələrin məlumatına görə, şəhərin ərzaq ehtiyatları təxminən 10 günə tükənə bilər.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və böyük əks-səda doğuran görüntülər vəziyyətin ciddiliyini nümayiş etdirir. Videolarda insanların supermarketlərə axın etdiyi, rəflərin sürətlə boşaldığı və alıcılar arasında gərgin mübahisələrin yaşandığı əks olunub.
İsveçrənin "SRF" agentliyinin hesabatına görə, Dubay təzə meyvə, tərəvəz və bir çox digər qida məhsulları üçün tamamilə idxaldan asılıdır. Məhsulların böyük hissəsi beynəlxalq nəqliyyat şəbəkələri vasitəsilə çatdırılır. Bölgədəki qeyri-müəyyənlik və gəmiçilik şirkətlərinin bəzi marşrutlardan imtina etməsi tədarük zəncirini ciddi şəkildə sarsıdıb.
Analitiklər xəbərdarlıq edir ki, logistik problemlər davam edəcəyi təqdirdə qiymətlərin kəskin artması qaçılmaz olacaq:
"Qlobal logistika şəbəkəsindəki uzunmüddətli fasilələr şəhərdəki ərzaq təchizatına dərhal təsir edə bilər. Daşınma xərclərinin artması və marşrutların məhdudlaşması, xüsusilə tez xarab olan məhsulların çatdırılmasında çətinliklər yaradır".
Hazırkı vəziyyət bölgədəki ərzaq təhlükəsizliyi ilə bağlı sualları gündəmə gətirib. İnsanların supermarketlərə axın etməsi və rəfləri boşaltması, tədarük zəncirindəki qorxunun əhali arasında necə sürətlə yayıldığını göstərir.
İslam Demokrat.az


