Siyasət Özəl

Regionda gərginlik artır — Azərbaycan geri addım atmayacaq

Regionda gərginlik artır — Azərbaycan geri addım atmayacaq

“Ötən gün ölkəmizin rəhbəri İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Ölkə prezidenti İran tərəfindən Naxçıvana edilmiş dron hücumunu qətiyyətlə pisləyib. Azərbaycanın ölkə prezidenti də xüsusi vurğuladı ki, Azərbaycan heç vaxt, öz ərazisindən heç bir qonşu dövlətə qarşı istifadəyə izin verməyib və verməyəcəkdir. Həqiqətən də İran da çox yaxşı bilir ki, demək olar ki, bütün dünya İrana qarşı olduğu halda belə, Azərbaycan İranla dinc qonşuluq münasibətlərinin saxlanılmasında, əməkdaşlığın davam etdirilməsində iradə nümayiş etdirib”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu deyib.

Regionda gərginlik artır — Azərbaycan geri addım atmayacaq

O bildirib ki, İran tərəfdən Naxçıvan hava limanına dron hücumlarının edilməsi ölkəmizə qarşı terror aktıdır:

“İran regionda çox ciddi gərginlik yaradacaq addımlar atmaqdadır. Azərbaycan Prezidenti həmçinin Tehrandakı səfirliyimizə qarşı terror aktını da xatırlatdı. Həmin dövrdə Azərbaycan qətiyyət iradə nümayiş etdirdi və İran tərəfinin üzr istəməsinə nail oldu. Həqiqətən də bu, Azərbaycan dövlətinin tam müstəqil siyasət sahibi olduğunu, güclü iradə sahibi olduğunu bir daha nümayiş etdirir. Azərbaycan daim regionda öz milli maraqları çərçivəsində tam müstəqil siyasət yürüdüb. Regionda əməkdaşlığın genişləndirilməsi imkanlarını yaradan da məhz Azərbaycan olub. Bütün bunlara baxmayaraq, İran tərəfdən Naxçıvan hava limanının atəşə tutulması heç bir mənəviyyat, heç bir hüquq çərçivəsinə sığmır”.

O vurğulayıb ki, Azərbaycan tərəfi bunu törədənlərin layiqli cəzalandırılmasını tələb edir:

“Sözsüz ki, biz buna nail olacağıq. Azərbaycan Prezidenti İranın ali dini liderinin ölümü ilə bağlı İran səfirliyində oldu. Ölkə prezidenti xatırlatdı ki, halbuki heç bir prezident analoji addım atmamışdı. Biz bununla özümüzün xoş məramımızı nümayiş etdirdik, lakin İran bunu layiqincə qiymətləndirmədi. İran indiki şəraitdə Azərbaycan kimi ölkələrlə münasibətlərini daha da sıx saxlamalıdır. Amma görünür İran bütün bunların əksini etməkdədir. Naxçıvan hava limanına dron hücumunu təşkil etməklə regionda əlavə gərginlik elementlərini formalaşdırır. Lakin Azərbaycan Prezidentinin qeyd etdiyi kimi öz hüquqlarımızı, öz mövqelərimizi qorumaq gücündəyik. Ölkə Prezidenti də bununla bağlı müvafiq göstəriş verdiyini bildirdi”.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Həmçinin, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova