Siyasət Özəl

İranın ikili siyasəti: Söz başqa, addım başqa... — ŞƏRH

İranın ikili siyasəti: Söz başqa, addım başqa... — ŞƏRH

“Son günlər regionda baş verən hadisələr İranın regional siyasətinin mahiyyəti və onun qonşularına verdiyi mesajlar barədə yeni müzakirələrə səbəb olub. Türkiyənin hava məkanına daxil olduğu bildirilən İran raketinin NATO tərəfindən zərərsizləşdirilməsi və ardınca İran dronlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində aktivlik göstərməsi haqqında yayılan məlumatlar Tehran siyasətinin mahiyyəti barədə ciddi suallar doğurur. Bu hadisələr bir daha göstərir ki, İranın region siyasətində rəsmi ritorika ilə faktiki davranış arasında müəyyən ziddiyyətlər mövcuddur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.

İranın ikili siyasəti: Söz başqa, addım başqa... — ŞƏRH

O bildirib ki, İran rəsmi səviyyədə tez-tez qonşu dövlətlərlə dostluq, qarşılıqlı hörmət və regional əməkdaşlıq prinsiplərini vurğulayır:

“Tehran rəhbərliyi xüsusilə Cənubi Qafqaz ölkələri ilə münasibətlərdə suverenliyə və ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bəyan edib. Lakin paralel olaraq regionda baş verən hərbi-siyasi addımlar, sərt ritorika və zaman-zaman müşahidə olunan hərbi aktivlik bu bəyanatların praktikada necə həyata keçirildiyi barədə suallar yaradır. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu cür davranış bəzən “ikili strategiya” və ya “məcburedici diplomatiya” kimi xarakterizə olunur. Başqa sözlə, dövlətlər bir tərəfdən diplomatik kanallarda yumşaq mesajlar verərkən, digər tərəfdən hərbi vasitələrlə öz mövqelərini gücləndirməyə çalışırlar. Cənubi Qafqaz İran üçün yalnız qonşuluq coğrafiyası deyil, həm də strateji təhlükəsizlik zonasıdır. Bu region Tehran üçün həm geosiyasi, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan ilə Türkiyə arasında son illərdə güclənən hərbi və siyasi əməkdaşlıq, eyni zamanda regionda yeni nəqliyyat və kommunikasiya layihələrinin müzakirəsi İranın diqqətlə izlədiyi proseslər sırasındadır. Bu kontekstdə İranın zaman-zaman sərt mesajlar verməsi, hərbi manevrlər keçirməsi və ya müxtəlif təhlükəsizlik siqnalları göndərməsi onun regional balansın dəyişməsindən narahat olduğunu göstərir. Naxçıvan Muxtar Respublikası isə bu geosiyasi politrada xüsusi yer tutur. Azərbaycanın əsas ərazisindən ayrı yerləşən və Türkiyə ilə birbaşa sərhədi olan bu bölgə həm strateji, həm də hərbi baxımdan böyük əhəmiyyətə malikdir. Buna görə də Naxçıvan istiqamətində hər hansı hərbi aktivlik və ya təhdid xarakterli siqnallar region ölkələri tərəfindən ciddi diqqətlə izlənilir”.

Politoloq diqqətə çatdırıb ki, belə addımlar yalnız Azərbaycan üçün deyil, həm də Türkiyə üçün təhlükəsizlik məsələsi kimi qiymətləndirilə bilər:

“İranın bu cür addımları yalnız xarici auditoriyaya deyil, həm də daxili siyasi auditoriyaya yönəlmiş ola bilər. Regional gərginlik və xarici təhlükə narrativi bəzən daxili siyasi legitimliyi möhkəmləndirmək və ictimai rəyə təsir göstərmək üçün istifadə olunan alətlərdən biridir. Xüsusilə beynəlxalq təzyiqlərin və sanksiyaların davam etdiyi şəraitdə Tehran rəhbərliyi özünü regional güc kimi göstərməyə çalışır. İranın regiona göndərdiyi siqnalların əsas məqsədi çəkindirmə strategiyası da ola bilər. Tehran bu cür addımlarla regiondakı digər aktorlara göstərmək istəyir ki, onun təhlükəsizlik maraqları nəzərə alınmadan atılan hər hansı addımlar cavabsız qalmayacaq. Son hadisələr İranın region siyasətində diplomatik ritorika ilə sərt güc elementlərinin paralel şəkildə istifadə olunduğunu göstərir. Bu isə Cənubi Qafqazda geosiyasi rəqabətin davam etdiyini və regionun hələ də böyük güclərin və regional aktorların maraqlarının kəsişdiyi həssas bir məkan olaraq qaldığını təsdiqləyir. Belə şəraitdə regional sabitliyin qorunması yalnız qarşılıqlı etimadın və açıq dialoqun gücləndirilməsi ilə mümkün ola bilər, əks halda hərbi siqnallar və qarşılıqlı şübhələr regionda yeni gərginlik risklərini artırmağa davam edəcək”.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Həmçinin, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova