İran ətrafında gərginliyin artması və potensial hərbi konflikt xəbərləri regionda narahatlıq yaradıb. Analitiklər və ekspertlər bildirirlər ki, Rusiya və Türkiyənin belə bir münaqişəyə birbaşa daxil olma ehtimalı müxtəlif geosiyasi, strateji və iqtisadi faktorlarla bağlıdır. Bu baxımdan, regiondakı dövlətlərin mövqeləri, alyanslar və diplomatik kanalların rolu hərbi eskalasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Yaxın Şərqdə hərbi-siyasi gərginlik maksimum həddə çatıb. Hadisələr göstərir ki, ABŞ və İsrail ortaq şəkildə bölgəni yenidən dizayn etmək niyyətindədirlər.
"Bu çərçivədə hədəf alınmış dövlətlər sırasında İran da yer alır və hərbi müdaxilə regiona və qonşu ölkələrə ciddi təsir göstərə biləcək addımdır. Eyni zamanda, münaqişənin daha geniş miqyaslı bir müharibəyə çevrilmə ehtimalı hələ də qalmaqdadır. İranın əsas müttəfiqləri sırasında Rusiya da yer alır. Lakin hazırda Rusiyanın yaxın perspektivdə baş verən hadisələrə fəal müdaxilə imkanları məhduddur. Bunun səbəbi həm ABŞ-nin hərbi potensialının Rusiyadan qat-qat yüksək olması, həm də Rusiyanın Ukrayna münaqişəsinə tam fokuslanmasıdır. Bu şəraitdə Rusiya ABŞ ilə hərbi qarşıdurmaya girməyə həvəs göstərməyəcək, eyni zamanda İrana görə savaş vəziyyətinə düşmək istəməz".
Ekspert bildirib ki, Türkiyə mövqeyinə gəldikdə isə, ölkə dəfələrlə bildirib ki, İrana qarşı hərbi müdaxilədən çəkinmək lazımdır:
"Siyasi və diplomatik yollarla problemi həll etmək vacibdir, çünki Türkiyə sərhədləri yaxınlığında yeni hərbi münaqişə istəmir və ABŞ-ın hərbi addımları Türkiyənin maraqlarına uyğun deyil. Ümumilikdə, Türkiyə üçün əsas məqsəd regionda, xüsusilə İranda, Suriyada və İraqda sülh və sabitliyin qorunmasıdır. Eyni zamanda, Türkiyə pragmatik dövlət siyasəti yürüdərək təxribatlara qarşı müvafiq addımlar atmadan, məcbur qalmadıqca hərbi müdaxilədən uzaq qalacaq".
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Əfsanə Kamal Demokrat.az


