Siyasət Özəl

"İranda lider olmaq istəyənlərin hamısı ölür"

İranda lider olmaq istəyənlərin hamısı ölür

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət strukturlarının zəiflədiyini iddia edərək diqqətçəkən açıqlama verib. O bildirib ki, ölkədə rəhbərliyə iddia edən şəxslərin taleyi ağır olur.

Demokrat.az bildirir ki, Ağ Evdə çıxış edən Trampın sözlərinə görə İranda rəhbərlik sistemi sürətlə dağılır. “Onların rəhbərliyi sürətlə yoxa çıxır. Kim lider olmaq istəyirsə, nəticədə ölür”, – deyə o bildirib.

Tramp həmçinin qeyd edib ki, İranın raket imkanları sürətlə sıradan çıxarılır. Onun sözlərinə görə, ABŞ və İsrailin birgə hərbi əməliyyatları çərçivəsində raketlər və onların buraxılış qurğuları ardıcıl şəkildə məhv edilir.

Açıqlamalar bir neçə gün əvvəl İranın ali dini lideri Ali Xameneinin Tehranda baş verən hücumlar nəticəsində həyatını itirməsindən sonra verilib. Onun ölümündən sonra ölkədə yeni liderin seçilməsi prosesi başlayıb.

Məlumatlara görə, varisin müəyyənləşdirilməsi üçün səsvermə aparan "Assembly of Experts" üzvlərinin toplandığı binaya da hücum edilib. Həmin vaxt 88 üzv yeni ali liderin seçilməsi ilə bağlı səsvermə prosesində iştirak edirmiş.

Hazırda ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində İranın təhlükəsizlik və hərbi infrastrukturlarına hava və dəniz zərbələri endirildiyi bildirilir. Bu əməliyyatın “Epic Fury” adlı kampaniya çərçivəsində həyata keçirildiyi və bir neçə həftə davam edə biləcəyi qeyd olunur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova