Siyasət Özəl

İrandan Türkiyəyə düşən raketlə bağlı ilk rəsmi açıqlama

İrandan Türkiyəyə düşən raketlə bağlı ilk rəsmi açıqlama

Türkiyənin Hatay vilayətində hava məkanına yönələn və havada məhv edilən ballistik raketlə bağlı İrandan ilk rəsmi açıqlama verilib. İran tərəfi Türkiyə ərazisinə raket atmadıqlarını və ölkənin suverenliyinə hörmət etdiklərini bildirib.

Demokrat.az xəbər verir ki, İrandan buraxıldığı ehtimal edilən ballistik raket Türkiyənin hava məkanına doğru istiqamətlənib. Raketə vaxtında müdaxilə edilib və NATO-nun dəstəyi ilə havada məhv edilib. Raketin bəzi qalıqları Hatay vilayətinə, digər parçaları isə Suriyanın Qamışlı bölgəsinə düşüb.

Hadisə ilə bağlı açıqlama verən İran Baş Qərargahı “Türkiyənin suverenliyinə hörmət edirik. Türkiyə ərazisinə raket atmamışıq” bəyanatını yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi isə bildirib ki, Hatayın Dörtyol rayonuna düşən metal parçanın raketin özünə deyil, hava hücumundan müdafiə sistemi tərəfindən istifadə olunan qarşı tədbir sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı açıqlanıb.

Nazirliyin bəyanatında Türkiyənin hava məkanı və vətəndaşlarının təhlükəsizliyinin qorunmasının əsas prioritet olduğu vurğulanıb. Qeyd olunub ki, ölkəyə yönələn hər hansı düşmən addıma qarşı cavab vermək hüququ saxlanılır və hava məkanının qorunması üçün bütün tədbirlər qətiyyətlə görüləcək.

Məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı apararaq Ankaranın narahatlığını və reaksiyasını çatdırıb. O, həmçinin ABŞ dövlət katibi Marko Rubio ilə də telefonla danışaraq bölgədəki son vəziyyəti müzakirə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan isə açıqlamasında ölkənin sərhədlərinin və hava məkanının təhlükəsizliyi üçün bütün tədbirlərin görüldüyünü bildirib. O qeyd edib ki, Türkiyə NATO müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edir və oxşar hadisələrin təkrarlanmaması üçün lazımi xəbərdarlıqlar edilir.

Bu arada NATO hadisəyə reaksiya verərək Türkiyəyə dəstəyini ifadə edib və bölgədə gərginliyi artıran addımları pisləyib. Alyansın sözçüsü İranın Türkiyəni hədəf almasını qəbuledilməz adlandırıb və NATO-nun bütün müttəfiqlərinin yanında olduğunu vurğulayıb.

Ankarada aparılan qiymətləndirmələrdə isə regiondakı son siyasi vəziyyətin və xüsusilə Xamenei ilə bağlı yaranmış qeyri-müəyyənliyin İran daxilində idarəetmə boşluğu yarada biləcəyi ehtimalının da nəzərdən keçirildiyi bildirilir. Türkiyə tərəfi hava məkanına yönələn hər hansı raket və ya sursatı milli təhlükəsizlik üçün ciddi risk kimi qiymətləndirdiyini açıqlayıb.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova