Yaxın Şərqdə artan hərbi gərginlik fonunda NATO-nun Türkiyə ərazisi üzərindən keçdiyi bildirilən ballistik raketləri zərərsizləşdirməsi müzakirələrə səbəb olub. Alyansın bu addımı bəzi ekspertlər tərəfindən münaqişəyə faktiki qoşulma kimi dəyərləndirilir. Digər tərəfdən isə rəsmi mövqe bunun yalnız üzv ölkənin hava məkanının qorunmasına yönəlmiş müdafiə xarakterli tədbir olduğunu vurğulayır. Hadisə xüsusilə Türkiyənin alyansdakı rolu və regional təhlükəsizlik balansı baxımından diqqət çəkir.
Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasınsa bildirib ki, raketin Suriya üzərindən Aralıq dənizi istiqamətində vurulduğu ehtimal olunur: NATO bazasından İran ərazisinə qarşı hər hansı hərbi fəaliyyət müşahidə olunmur:
“İran adətən özünə qarşı hərbi əməliyyatların həyata keçirildiyi istiqamətləri hədəf alır. Bu kontekstdə Krit və Kipr adalarından ABŞ-yə məxsus bəzi hərbi vasitələrin istifadə olunduğu iddiaları səsləndirilir və raketin də həmin istiqamətlərə yönəldilmiş ola biləcəyi ehtimal edilir. Raket Türkiyə sərhədinə yaxın ərazidə NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib”.
O deyib ki, Türkiyə əvvəldən bu gərginliyin diplomatik yollarla həllinə üstünlük verdiyini bəyan edib:
“İran da Türkiyənin mövqeyini bildiyi üçün Ankara tərəfindən ona qarşı hərbi fəaliyyətin olmayacağını hesab edir. Körfəz ölkələrinin bəzisinin isə ABŞ-yə öz ərazilərində hərbi infrastruktur və bazalardan istifadə imkanı verdiyi qeyd olunur. İranın da əsasən həmin ölkələrdə yerləşən ABŞ hərbi obyektlərini hədəf aldığı bildirilir. Türkiyədə isə ABŞ-yə məxsus xüsusi baza yoxdur, NATO bazasıdır. NATO-nun İranla bağlı hərbi əməliyyatlarda iştirakı qeydə alınmayıb”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Leyla Turan Demokrat.az


