Azərbaycanda pulsuz tibbi xidmət və icbari tibbi sığorta sistemi ilə bağlı yayılan məlumatlar bu sahənin əhatə dairəsi və effektivliyi barədə suallar yaradır. Bildirilir ki, sistemin daha səmərəli fəaliyyəti üçün bütün tibbi sahələrin mərhələli şəkildə əhatə olunması və xüsusilə sosial həssas qruplar üçün həyati xidmətlərin tam əlçatanlığı vacibdir. Bu fonda hazırda pulsuz tibbi xidmətlərin həcmi, hansı xidmətlərin sığorta zərfinə daxil edildiyi və vətəndaşların bu imkanlardan necə yararlana biləcəyi məsələləri aktuallıq kəsb edir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın daha effektiv işləməsi üçün sistemdə iştirak edən üç əsas qurum, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi faktiki olaraq əlaqəli iş prinsipinə malikdir və xidmətin təşkili, maliyyələşdirilməsi və nəzarət mexanizmləri bir-birini tamamlamalıdır.
"Nəzərə almaq lazımdır ki, ölkədə, xüsusilə Bakı və regionlarda çoxsaylı özəl klinikalar fəaliyyət göstərir. Bu tibb müəssisələrinin xeyli hissəsi artıq dövlət qurumları ilə müqavilə bağlayaraq icbari tibbi sığorta çərçivəsində vətəndaşlara pulsuz müayinə və əməliyyat xidmətləri göstərir. Lakin bütün özəl sektorun sistemə tam inteqrasiyası hələ yekunlaşmayıb və bu istiqamətdə müzakirələr davam edir. Məlumatlara görə, yaxın perspektivdə icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, o cümlədən özəl tibb müəssisələrində daha geniş tətbiqi ilə bağlı müxtəlif səviyyələrdə danışıqlar aparılır. Türkiyə və bir sıra Avropa ölkələrinin təcrübəsi göstərir ki, icbari sığorta sistemi bütün sahələri əhatə etdikdə daha funksional və əlçatan olur. Azərbaycanda da bu modelə doğru mərhələli keçid hədəflənir" - o bildirib.
Onun sözlərinə görə, hazırda müəyyən çətinliklər və normativ boşluqlar mövcuddur:
"Qanunvericilik və icra mexanizmlərindəki problemlər aradan qaldırıldıqca, tibbi xidmətlərin həcminin və keyfiyyətinin artacağı, vətəndaşların isə sığorta çərçivəsində daha geniş imkanlardan yararlana biləcəyi gözlənilir. Ümumilikdə, sistemin tam və effektiv tətbiqi yaxın perspektiv üçün əsas hədəflərdən biri kimi qiymətləndirilir".
Əfsanə Kamal Demokrat.az


