İsmayıllı rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində baş verib. 1965-ci il təvəllüdlü Əfqan həmin küçədə yerləşən evində arvadı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Əfqan əsəblərinə hakim ola bilməyib və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əl zərbələri ilə, habelə evdəki taxta stulla qadının bədəninin müxtəlif nahiyələrindən vurub.
Bununla qadının sağ əlin üçüncü barmağı sınıb. Habelə sol gicgah-təpə nahiyəsinin şişkinliyi və digər xəsarətlər alıb.
Bundan sonra qadının İsmayıllı Rayon Polis Şöbəsinə etdiyi şikayət əsasında Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Bu səbəbdən də qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Əfqan cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


