İqtisadiyyat Özəl

Endirimə düşən ərzaq məhsulları alarkən mütləq üstündə bu rəqəmlərə baxın — AÇIQLAMA

Endirimə düşən ərzaq məhsulları alarkən mütləq üstündə bu rəqəmlərə baxın — AÇIQLAMA

Bayramqabağı günlərdə marketlərdə elan olunan endirim kampaniyaları istehlakçıların diqqətini cəlb etsə də, bəzən bu təkliflərin arxasında suallar yaranır. Müştərilər bir çox hallarda qiymətlərin əvvəlcədən artırılaraq sonra endirim kimi təqdim edildiyini iddia edirlər. Rəflərdə “aksiya” yazılan məhsulların real endirim payı isə hər zaman şəffaf olmur. Bəzi hallarda köhnə və ya az tələbatlı mallar kampaniya adı ilə satışa çıxarılır. Bayram öncəsi artan istehlak tələbi isə bu cür iddiaları daha da aktuallaşdırır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, təəssüf ki, bu cür aldatıcı təkliflər dünyanın hər yerində var:

"Yəni istehlakçını aldatmaq üçün satışdan çıxarılmış, anbarda qalmış malları satmaq məqsədilə belə kampaniyalar təşkil olunur. Adətən belə hallarda “ikisini al, birini ödə” kimi təkliflər edilir. Nəticədə alınan məhsullardan biri istehlakçıya ümumiyyətlə lazım olmur. Əgər bizə daxil olan şikayətləri ümumiləşdirsək, görərik ki, bir çox hallarda alınan məhsulun istifadə ehtiyacı olmur və istehlakçı zərərə düşür".

Ekspert deyib ki, bu cür hallar çox vaxt istehlakçını daha çox mal almağa təşviq etmək üçün qurulur:

"Əgər sənaye malıdırsa, onun keyfiyyəti ilə bağlı problemlər ola bilər. Ərzaq məhsuludursa, yararlılıq müddətinin az qalması problemi yaranır. Bəzən isə mal anbarda pis şəraitdə saxlanılır və yaxın günlərdə yararlılıq müddəti bitərək xarab ola bilər. Belə hallarda, xüsusilə ərzaq məhsuludursa, mütləq istehlakçılar buraxılış və son istifadə tarixinə diqqət etməlidirlər. Sənaye mallarında isə tələsmədən, diqqətlə düşünmək lazımdır.

Almaq istədikdə məhsulun keyfiyyətinə və ehtiyaclarına uyğun olub olmadığını yoxlamaq vacibdir. Bütün hallarda isə qazanan tərəf satıcı olur. İstehlakçı üçün isə burada müsbət bir nəticə olmur. Ona görə də istehlakçılar bu məsələlərə diqqət etməlidirlər", - deyə ekspert bildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova